METBUAT.AZ

Ölkə

UNICEF Azərbaycana tibbi avadanlıqlar ianə edib -

25 iyl 2023 17:28

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq çərçivəsində həssas əhali qruplarından olan uşaqlarda yarana biləcək xəstəliklərin erkən aşkarlanması, vaxtında müalicəyə cəlb olunması və onların sağlamlığının qorunması məqsədilə ölkəmizə tibbi avadanlıqlar ianə edilib.

Metbuat.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, avadanlıqlar holter monitoru, portativ cərrahi aspirator, yenidoğulmuşlar üçün süni tənəffüs cihazı, elektrokardioqraf (EKQ), rəngli doppleroqrafiya ultrasəs cihazı və fototerapiya aparatından ibarətdir.

Sözügedən avadanlıqlar vasitəsilə pasiyentlərə göstərilən tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanır.

İanə edilən holter monitordan ürək ritminin və ürək döyünmələrinin tezliyini ölçmək üçün istifadə edilir. Belə ki, pasiyent cihazı 24-48 saat üzərində gəzdirir və bu müddət ərzində cihaz onun ürək fəaliyyətini qeydə alır. Bu məlumatların təhlili həkimə daha dəqiq diaqnozun təyin edilməsinə şərait yaradır.

Rəngli doppleroqrafiya ultrasəs cihazı müxtəlif xəstəliklər və damar patologiyalarını aşkar etməyə imkan verir.

Portativ cərrahi aspirator əməliyyat zamanı əməliyyatın aparıldığı nahiyədə yığılmış mayenin boşaldılması üçün istifadə olunan cihazdır.

Fototerapiya cihazı isə yenidoğulmuşlarda neonatal sarılıq səviyyəsini aşağı salmaq üçün istifadə ediləcək. Fototerapiya cihazları işıq yayan diod (LED) lampalarla və tibbi prosedurun müddətini izləmək üçün taymerlə təchiz edilib.

Elektrokardioqraf (EKQ) çoxsaylı ürək xəstəliklərinin diaqnozunun sürətli təyininə imkan verir.

İanə edilən süni tənəffüs aparatı tənəffüs pozğunluğu olan yenidoğulmuşları fasiləsiz oksigenlə təmin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, tibbi avadanlıqlar Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına verilib.


metbuat.az.