11 iyl 2023 09:13
Bu ilin I yarısında Azərbaycanda vergi orqanlarına 163 940 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% çoxdur.
Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, daxil olmuş müraciətlərdən 93 %-i ərizə, 6,9 %-i şikayət, 0,1 %-i təklif olub. Müraciətlərdən 95,2 %-nin baxılması həmin dövrdə başa çatdırılıb, 4,8 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 65,2 %-i həll olunub, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.
Daxil olmuş şikayətlərin faktiki sayı 7 623 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 % azdır. Hesabat dövründə həll olunmuş şikayətlərin böyük əksəriyyəti kameral vergi yoxlaması, qalanları isə maliyyə sanksiyasının silinməsi, vergi ödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyətləri, təsdiqlənməmiş azalma (kameral yoxlanılmalı məbləğ), vergi borcu və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 265 vətəndaşın qəbulunu təşkil edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.