METBUAT.AZ

Ölkə

Vətəndaş niyə özəl pensiya fondunu seçsin?

28 iyl 2023 12:50

Azərbaycanda artıq özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlər görülür. Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, fondun yaradılması istiqamətində hazırlanan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində və aidiyyəti qurumlarla razılaşdırma prosesini aparılır. Prosesin yekununda müvafiq layihələr Milli Məclisə təqdim olunacaq.

Özəl pensiya fondunun əhəmiyyətdən danışan iqtisadçı Eyyub Kərimli Metbuat.az-a bildirib ki, özəl pensiya fondu vətəndaşa seçim imkanı verəcək.

"Bu gün beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə də özəl pensiya fondunun fəaliyyətinə imkan yaradılır. Bu pensiya fondunun müəyyən üstün cəhətləri var. Belə ki, təqaüdçülər özəl fondda öz təqaüdlərinin bir qismini saxlaya bilərlər. Həmin özəl fondlar yığılan vəsaitdən dövriyyə edərək onun üzərinə əlavə gəlirlər gətirə bilər. Artıq vətəndaş təqaüdə çıxdığı zaman onun üçün nəzərdə tutulan təqaüddən daha çox təqaüd ala bilər. Sözsüz ki, bu cür özəl fondların fəaliyyəti həm də pensiya sistemində yeni islahatların təmin edilməsinə yol açacaq. Hesab edirəm ki, gələcəkdə pesniya yaşına çatmayıb vəfat edən şəxsin pensiya fondunda yığılan vəsaitin varislərinə istifadə edilməsinə köməklik göstərəcək".

Onun sözlərinə görə, bu fondların fəaliyyəti büdcənin yükünü azaldacaq. Lakin fondda ciddi nəzarət mexanizmləri olmalıdır:

"Hazırda yeganə pensiya fondu dövlətin fondudur. Özəl pensiyanın fəaliyyəti həm də büdcə yükünün azaldılmasına imkan yaradacaq, həm də vətəndaş üçün seçim imkanı yaradacaq. Düşünürəm ki, mütləq qaydada bu cür özəl fondları üçün ciddi nəzarət olmalıdır. Çünki vətəndaş bu fonddan 20-30 ildən sonra vəsaiti götürəcək. Ona görə də onların fəaliyyətinə ciddi nəzarət yetirilməli, həm də vəsait sığortalanmalıdır".

Gülər Seymurqızı


metbuat.az.