14 iyl 2023 10:48
“Bu gün Azərbaycanda əsasən də kurort zonalarında, dəniz sahilində fəaliyyət göstərənxidmət iaşə obyektlərində bir balaca hərc-mərclik yaranıb. Necə istəyirlər elə də qərar verirlər, həm vətəndaşlarımızın, həm də turistlərin istehlak hüquqlarını kobudcasına pozurlar”.
Bu açıqlamanı Metbuat.az-a iqtisadçı-ekspert Fuad İbrahimov deyib. Onun sözlərinə görə, müştərilərə Nazirlər Kabinetinin iaşə obyektlərinin idarə olunması ilə bağlı xüsusi qərarı ilə təsdiqlənmiş, kalkulyasiya olunmuş menyu verilmədiyi təqdirdə ödəniş hansısa göydəndüşmə qiymətlərə əsasən hesablanarsa, bu halda vətəndaşlar İqtisadiyyat Nazirliyinə istehlakçıların hüquqlarının pozulması ilə bağlı müraciət edib məsələnin araşdırılmasını istəyə bilərlər.
“Sovet dövründə bütün iaşə obyektlərində, xüsusi olaraq gündəlik kalkulyasiya var idi. Ona menyu deyirdilər. Hər gün restoranın, iaşə obyektinin administratoru onu möhürləyib gündəlik menyunu təsdiq edərək, müştərilərə təqdim edirdi. Həmin menyuda konkret olaraq təklif olunan yeməklərin qiymətləri, eyni zamanda damüəyyən “servis xidməti” barədə yazılırdı . O vaxtı buna “çayevoy” deyirdilər yəni, “çay pulu”. Dünyanın hər bir yerində müxtəlif formatlarda “servis haqqı” anlayışı var. Məsələn: Dəniz səyahətlərində mütləq şəkildə bütün sərnişinlərdən əlavə olaraq o “servis haqqı” çıxılır. Bu da təqribən 10-20 evro arasında olur. Bu gün Azərbaycanda da heç kim bu qaydaları ləğv etməyib. Sadəcə olaraq, bizdə menyu deyilən göstərici itib. Restoranlar ümumi hesaba “servis xidməti”ni əlavə etsələrdə də, bu məsələ vətəndaşın yanaşmasından asılıdır”.
Qanunla bunun heç bir qanun pozuntusu olmadığını ifadə edən ekspert qeyd etdi ki, belə vəziyyətlərlə rastlaşmamaq üçün vətəndaşlara tövsiyə olunar ki, dəbdə olan restoranlara seçmiyib istehlak hüquqlarını bəri başlarından qorusunlar.
“Əgər vətəndaş belə bir məkana gedəcəksə də, yaxşı olardı ki, sifariş verəndə, yeri rezerv edəndə telefonla da olsa menyu barədə maraqlansınlar. Bizim ümumiyyətlə vətəndaşlarda saymaqla bağlı problem yaranıb. Bəziləri sifariş verdiyi yeməyi, içkini hesablamağa maraq göstərmir. Bunu ayıb hal kimi qiymətləndirirlər. Bir az elə şeylərdən çəkinmək lazımdır. Əgər qarşı tərəf utanmırsa, hər hansısa bir sizin hüquqlarınızı pozursa, müştəri şübhəsiz ki, adekvat reaksiya verməlidir. Son zamanlar sosial şəbəkələrdə bahalı restoranlarda yeyib-içdikdən sonra servisdən narahat olan müştəri şikayətlərini görürük. Heç kim onları məcbur həmin məkanlara getməyə məcbur etməyib. Mən heç vaxt imkan verməmişəm ki, hansısa restoranda, iaşə obyektində kimsə mənimlə belə rəftar etsin. Vətəndaşn özündən də çox şey asılıdır”.
Gülbəniz Hüseynli / Metbuat.az