4 iyl 2023 14:43
Sosial şəbəkə platformaları hazırda dezinformasiyaların yayıldığı və zərərli vərdişlərin təbliği olunduğu bir platformaya çevrilib. Görünən odur ki, hazırda bu yöndə effketiv tədbirlər həyata keçirilməyib.
Ən çox şikayətləndiyimiz platforma isə "TikTok"dur. "TikTok"da zərərli maddələrin təbliği, dələduzluğa cəhd, "jeton" xatirinə insanların soyulması, "avtoşluq" edib bunu platformada yayan şəxslərlə bağlı kifayət qədər faktlar görülür və günü-gündən artır. Xüsuilə, gənclərin bunları görüb "örnək" götürməsi olduqca narahatlıq yaradır.
Çox uzağa getmədən, bu gün baş verən zəlzələ zamanı sözügedən platformada qeyri-dəqiq informasiyalar yayılıb, həmçinin əhalidə ciddi təşviş yaranmışdı. Çox təəssüf ki, hazırda bu yöndə heç bir nəzarət-mexanizmi yoxdur. İstər qanuni yolla, istərsə də hər hansı tədbirlərlə necə bir çıxış yolu seçilməlidir?
Metbuat.az-a danışan deputat Ceyhun Məmmədov deyir ki, sosial şəbəkələri tamamilə bağlamaq mümkünsüzdür. Lakin dövlət qurumları bu yöndə hərəkətə keçməəlidir:
"Mən hesab edirəm ki, bu məsələ ciddi narahatlıq doğuran məsələdir. Yəni bu məsələlər çox ciddi şəkildə araşdırılmalıdır, baxılmalıdır. Bir neçə gün bundan əvvəl parlamentdə də çıxış elədim və qeyd etdim ki, bizim dövlət qurumları həmin platformaların sahibləri ilə əlaqələrə keçməlidirlər. Biz bu cür zərərli təbliğat aparan, eyni zamanda söyüş, təhqir yayan profilləri, səhifələri bloklamalayıq. Yəni onların yayılmasına imkan verməməliyik. Bütövlükdə isə sosial şəbəkələri bağlamaq əlbəttə ki, bu, çətin və mürəkkəb, mümkün olan bir məsələ deyil. Amma ən azından biz bu kimi hallarla mübarizə istiqamətində konkret müəyyən addımlar ata bilərik".
Deputatın sözlərinə görə, görülən tədbirlər çərçivəsində bu cür addımlar atan şəxslər cəzalandırıla bilər:
"Yəni bu gün polis, hüquq-mühafizə orqanları bu istiqamətdə addımlar atır. Hesab edirəm ki, bu yöndə işlər davam etdirilməlidir ki, belə hallar baş verməsin. Eyni zamanda, bunu bütün bunlarla paralel, biz kütləvi və sistemli maarifləndirmə tədbirləri də həyata keçirməliyik. Ziyalılarımız, gənclərimiz, aidiyyəti dövlət qurumlarımız da fəal olmalıdır ki, bir rəqabət meydanı yarada bilək".
Gülər Seymurqızı