30 avq 2023 14:08
Şəki Ağır Cinayətlər Məhkəməsində Göygöldə oğurluq və Yevlaxda qətl törətməkdə təqsirləndirilən Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Metbuat.az "Pravda.az"a istinadən bildirir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanın ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd: Rəsmi məlumata görə, bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızını da qəsdən öldürməsi müəyyən edilib. Belə ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanı tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb, hadisənin izini itirmək qərarına gələrək 2021-ci ilin aprel ayının 14-də qadının yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirib, daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb. Toplanan sübutlar əsasında Elnur Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və digər maddələri ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttiham aktına qeyd olunub ki, o, Səidə Hüseynovaya ümumilikdə 66 277 manat məbləğində ziyan vurmaqla qadının əmlakını qəsdən məhv edib.
Xatırlatma: Elnur Hüseynov Göygöl rayonunun Çaykənd kənd məktəbində fizika müəllimi işləyib.