METBUAT.AZ

Ölkə

"Avtomobil nəqliyyatı haqqında” yeni qanun qüvvəyə minir -

19 avq 2023 12:10

Prezident İlham Əliyev avqustun 18-də "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Oktyabrın 1-dən qüvvəyə minəcək yeni qanunla sərnişin və yük daşımaları sahəsində bir sıra yeniliklər olacaq, o cümlədən taksi kimi istifadə edilən nəqliyyat vasitələrində taksometrlər quraşdırılacaq.

Metbuat.az Report-a istinadən xəbər verir ki, "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin rəhbəri, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı fikirlərini bildirib. O, hesab edir ki, yeni qanun taksi şirkətlərinin və sürücülərin məsuliyyətini artıracaq: "Bu sektorda çox ciddi dəyişikliklər olacaq. Məsələn, taksi operatoru kimi icazə almaq üçün 3 000 manat rüsum ödənilməlidir. Amma bu qaydalara riayət etməyən vəzifəli şəxslər 10 000 manat, hüquqi şəxslər isə 40 000 manata qədər cərimə ödəyəcək. Yəni çox böyük bir cərimə sanksiyası var. Hesab edirəm ki, bu işlə məşğul olan şəxslər öz məsuliyyətlərini dərk edəcəklər".

"Taksometr məsələsi çox ciddi müzakirələrə səbəb olub. Məncə, burada dövlətin yanaşması tamamilə ədalətlidir. Texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə taksometrlərin alternativi ola biləcək mobil tətbiqlərdən istifadə imkanları mövcuddur. Taksi xidmətləri göstərən şirkətlərin mobil tətbiqləri vasitəsi ilə müştərilərdən sifariş qəbul etməklə yanaşı, taksini GPS vasitəsi ilə izləmək imkanı olacaq. Hətta burada sürücünün iş rejiminə və başqa məsələlərə də nəzarət etmək imkanları mövcuddur. Ona görə də taksi xidməti göstərən şirkətlərin sürücülərinin taksometrdən istifadəsi məcburi deyil", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, fərdi taksi fəaliyyəti ilə məşğul olan şəxslər də taksometr alıb-almamaqda azaddır: "Belə ki, əgər həmin sürücülər də mobil əlavələrdən istifadə edərlərsə taksometr alıb istifadə etməklərinə ehtiyac qalmır. Amma burada hələ də açıq qalan bəzi məsələlər var. Məsələn, fərdi taksi fəaliyyəti ilə məşğul olan şəxslərin iş rejimi, işinin keyfiyyəti və s. məsələlər hələ də sual doğurur. Amma bir daha təkrar edirəm ki, hazırkı məqamda yanaşma tamamilə doğrudur. Çünki şirkətlərlə çalışan taksi sürücülərinin iş rejiminə nəzarət etmək mümkündür. Bu isə onların normadan artıq işləyib həm özlərinin, həm də sərnişinlərin həyatını təhlükəyə atmasına imkan verməyəcək”.

E.Muradlı yeni qanunun tariflərin artmasına səbəb olacağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Artıq qiymət məsələsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzarətindədir. Qurum müəyyən edib ki, taksi sifarişi üçün minimal qiymət 2,5 manatdır. Təbii ki, şirkətlər bundan yüksək qiyməti də özləri xidmət keyfiyyətinə uyğun müəyyən edə bilər. Amma bu, şirkətlərə sui-istifadəyə şərait yaratmamalıdır. Yəni aşağı qiymətə sürücüləri istismar etmək olmaz. Göründüyü kimi, hazırda Azərbaycanda heç bir şirkətə qarşı sanksiya tətbiq edilmir, onlar ölkədən qovulmur. Sadəcə ölkədə taksi fəaliyyəti ilə bağlı yaranan xaosun başında bu şirkətlər dayanmışdı və onun qarşısını da almaq üçün müəyyən addımlar atılmalı idi. Addım atılmazdan əvvəl araşdırıldı, məlum oldu ki, qanunvericilik bazası möhkəm deyil. Bu şirkətlər də ondan istifadə edir. Bu səbəbdən də qanunvericilikdə dəyişikliklər edildi və onun bir hissəsi oktyabrdan, digər hissəsi isə 2024-cü il yanvarın 1-dən tətbiq ediləcək”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, yeni qanun taksi şirkətlərinə və sürücülərə yeni imkanlar açır. "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi ilə minik avtomobillərində taksometrin quraşdırılması tələbi daha da sadələşdirilib. Əvvəllər qanunvericilikdə taksi minik avtomobillərində xüsusi ölçü cihazı kimi yalnız taksometrlərin quraşdırılması tələb kimi əks olunub. Oktyabrın 1-dən qüvvəyə minəcək dəyişiklik isə taksi sürücüləri üçün əlavə imkan yaradır. Belə ki, taksi minik avtomobillərində taksometr və ya bu cihazın funksiyasını yerinə yetirən proqram təminatı anlayışı qanunvericiliyə daxil edilib. Yəni məsafəyə uyğun gediş haqqını göstərən proqram təminatından istifadə edən taksi minik avtomobillərində taksometrin quraşdırılmasına ehtiyac yoxdur”.


metbuat.az.