METBUAT.AZ

Siyasət

“Azərbaycan Qarabağdakı separatçılara yeni şərtlər irəli sürə bilər”-

25 avq 2023 14:28

“Ermənistanın hay-küyü ilə BMT TŞ-nın iclasında keçirilən müzakirələrdə Azərbaycana qarşı Laçın yolu ilə bağlı heç bir qərar, bəyanat hətta tövsiyyə xarakterli bir sənəd qəbul edilmədi. Bu vəziyyətdə separatçıların hər hansı fikir səsləndirməsi, şərtlər irəli sürməsi heç bir məntiqə sığmır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev son günlər Xankəndində erməni separatçı tör-töküntülərinin təxribatlarının intensivləşməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib. Ekspert hesab edir ki, Azərbaycan daha əvvəl verdiyi təkliflərin şərtlərini bir az da sərtləşdirməlidir.

“Biz daha əvvəl humanitar yüklər üçün Ağdam-Xankəndi yolunun istifadəsini təklif edirdiksə, indi bu təklifin yalnız erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılmas ından və erməni separatçılarının rəhbərlərinin Azərbaycana təhvil verilməsindən sonra baş tuta bilər. Belə bir təklif gələcəkdə qarşı tərəfi daha məsuliyyətli olmağa vadar edə bilər. Bu baxımdan Azərbaycan da qalib tərəf kimi daha sərt tələblər ortaya qoya bilər ”.

Məsələyə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov Metbuat.az-a bildirdi ki, ermənilərin təxribat törətməkdə əsas məqsədi sülh prosesinə gedən yolda problemlər yaratmaq, bu günə qədər əldə olunmuş sülh danışıqlarının nəticəsini sıfırlamaqdır.

“Hesab edirəm ki, elə bu məsələdə maraqlı olan dövlətlər var. Onlar öz maraqlarını təmin etmək naminə Ermənistanı təxribatlara təşviq edirlər. Ermənistan sadəcə olaraq onların oyunçusu, planlarının parçasıdır. Azərbaycan belə addımlara tolerant yanaşmayacaq. Qarabağda və sərhədyanı ərazilərdə əməliyyatların keçirilməsi vacibdir”,- deyə politoloq qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.