7 avq 2023 18:45
Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz istehsalının həcmi 18177,8 milyon kub metr təşkil edib.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, təbii qaz üzrə ehtiyatların 29,9 faizi ölkə daxilində istehlak edilib, 56,5 faizi ixrac olunub, 1,5 faizi itkiyə gedib, 12,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb.
2023-cü ilin yanvar-iyun aylarında 11800,0 milyon kub metr və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2527,7 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çox təbii qaz istehlak edilib, onun 38,6 faizi Bakı şəhərinin, 2,8 faizi Naxçıvan Muxtar Respublikasının, 11,3 faizi Abşeron-Xızı, 6,1 faizi Gəncə-Daşkəsən, 5,9 faizi Lənkəran-Astara, 5,8 faizi Qazax-Tovuz, 5,7 faizi Mərkəzi Aran, 5,0 faizi Quba-Xaçmaz, 4,9 faizi Şəki-Zaqatala, 4,5 faizi Qarabağ, 3,6 faizi Mil-Muğan, 3,4 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.