7 avq 2023 10:13
Bu ilin avqustun 1-nə Azərbaycanda dövlət qeydiyyatından keçmiş 169 751 kommersiya qurumu olub.
Metbuat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 10 % çoxdur.
Kommersiya hüquqi şəxslərinin 90,4 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,3 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalardadır.
Hesabat tarixinə kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 934 vahid təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 15 % çoxdur.
Bu ilin yanvar-iyul aylarında ölkədə 9 133 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,6 %-i yerli investisiyalı, 12,4 %-i isə xarici investisiyalı olub. Kommersiya qurumlarının 82,1 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 94,4 % təşkil edib. 7 ay ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 262 yerli investisiyalı MMC qeydiyyata alınıb.
Bu ilin iyul ayında fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı illik müqayisədə 34,3 %, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 0,7% artıb.