METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri

30 avq 2023 12:10

Bu ilin birinci yarısında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 261 251,7 min manat təşkil edib, bu da illik müqayisədə 9,5% artım deməkdir.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 151 546,2 min manat səviyyəsində olub.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 795,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% artım müşahidə olunub.

Hesabat dövründə qaz nəqlinin 52,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 10 915,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6,6%-lik artım).

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Xatırladaq ki, ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 328 243,1 min manat təşkil edib, bu da illik müqayisədə 25,7% artım deməkdir.


metbuat.az.