30 avq 2023 10:44
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 22 avqust 2023-cü il tarixindən başlayaraq 10 gün davam edən “Biz Birlikdə Güclüyük!” yay düşərgəsinin bağlanış mərasimi avqustun 30-da, saat 16:30-da baş tutacaq.
Komitədən Metbuat.az-a verilən məlumata görə, 100 nəfər qızın iştirakı ilə keçirilən düşərgənin son günündə uşaqlar Komitənin sədri Bahar Muradova ilə görüşəcək.Tədbir çərçivəsində istedadlı düşərgə iştirakçılarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriləcək.
Eyni zamanda Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı Gülnarə Xəlilovanın kolleksiyası düşərgə iştirakçıları olan qızlar tərəfindən təqdim ediləcək.
Sonda düşərgə iştirakçıları sertifikat ilə təltif ediləcəkdir.Qeyd edək ki, qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də, liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədini daşıyan yay düşərgəsində müxtəlif mövzularda təlim, ekskursiya, əyləncəli oyunlar, musiqili və film gecələri keçirilib. Bununla yanaşı, iştirakçıların Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunub.