METBUAT.AZ

Ölkə

Bu saatlarda çölə çıxmayın -

8 avq 2023 14:51

Xəbər verdiyimiz kimi, hazırda ölkə ərazisində isti hava şəraiti müşahidə olunur. Həftənin sonunadək, üsusilə, Abşeron yarımadasının isti hava dalğasının təsiri altında olacağı gözlənilir.

Metbuat.az-a danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib ki, hazırda müşahidə edilən hava bir çox insanlarda ciddi fəsadlar yarada bilər:

"Xüsusən, ürək-qan damar xəstəliklərindən, yüksək təzyiqdən, şəkərli diabetdən, qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən insanlara isti hava daha ciddi təsir edə bilər. Belə şəxslər havaya çıxma saatlarına diqqət etsinlər. Saat 11-17 arası günəşə çıxmaq tövsiyə olunmur. Səhər saat 11-dək, axşam saat 17-dən sonra günəşə çıxmaq məsləhətlidir. İsti havalarda, xüsusən, uşaqlar, 65 yaşından yuxarı şəxslər xroniki xəstəliklərdən əziyyət çəkənlər diqqətli olsunlar".

Terapevtin sözlərinə görə, hazırda bol maye qəbulu mütləqdir. Mümkün qədər ətdən hazırlanan yeməklərdən uzaq durmaq lazımdır:

"Bol-bol maye qəbul edilməlidir. Açıq rəngli və rahat geyimlərdən, qoruyucu eynəklərdən istifadə edilməlidir. Qidalanmaya gəlincə, ağır yeməklərdən maksimum uzaq dursunlar. Ət yeməyini yeyib çölə çıxmayın. Sərinləşdirici, yüngül qidalara, meyvə-tərəvəzə üstünlük verilməlidir".


metbuat.az.