31 avq 2023 13:44
Xəbər verdiyimiz kimi, ötən gün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb. Qəbul nəticələrinin məlum olmasından sonra bəzi ixtisaslara keçid ballarının aşağı düşdüyü məlum olub.
Metbuat.az-a açıqlamasından təhsil eksperti Adil Vəliyev bildirib ki, bu I qrupda ballar aşağı düşüb, III qrupda elə də ciddi dəyişiklik baş verməyib:
"Bu il ilk dəfə olaraq birinci qrupda informatika və kimyaya aid ixtisaslar bir-birindən ayrıldı. Statistikaya nəzər yetirəndə biz artıq bilirdik ki, informatika aid olan ixtisaslarda ballarda kütləvi şəkildə kifayət qədər enmələr olacaq, elə də oldu. İkinci qrupda bu il yenə əvvəlki ilə baxanda gözlənilirdi ki, minimum baldan bir az daha yüksək bal toplayan, hətta minimum balı belə toplayan abituriyentlər tələbatını qazana biləcək. Hətta subbakalavrların da bir çoxu tələbatını qazana biləcək.
III qrupda bu il vəziyyət demək olar ki, keçənilki kimi oldu. Bəzi ixtisas ballarında cüzi enmələr oldu. Qalan ixtisaslarda bal aşağı-yuxarı keçən kimi oldu. Məsələn, bu il subbakalavr müəllimlik ixtisasına qəbul olanlar da oldu. Dördüncü qrupda da ballarda enmələr gözlənilirdi. Hətta tibb ixtisası üçün ballarda enmələr olacağı bilirnirdi və o da oldu".
Ekspert bildirib ki, balların enməsi təbii ki, abituriyentlərin nəticələrinə əlaqəlidir:
"Balların enməsi abituriyentlərin ixtisas seçimində hansı universitetləri, hansı ixtisası seçmələrilə əlaqədardır. Çünki bəzi ixtisaslar var ki, o ixtisaslara müraciət çox olduqda ballar da yüksək olur. Məsələn, biz Ali Nef Məktəbində gördük ki, riyaziyyat, informatika ixtisaslarında ballar demək olar ki, keçən kimi yenə aşağı yuxarı eyni qalıb. Bundan başqa, məsələn, ADA universitet balalrın stabilliyini saxlayır. Amma Neft Sənaye Universitetində, Bakı Mühəndis Universitetində gördük ki, ballar kifayət qədər aşağı düşüb".