17 avq 2023 12:23
İnsanların çox rahatlıqla fikirlərini bildirdikləri sosial şəbəkə platformalarında təəssüflər olsun ki, təhqirlər ön plana çıxıb. İnsanlar arasında davranış mədəni ünsiyyətdən çox, söyüş, qarğış kimi ifadələrin yer aldığı dırnaqarası müzakirə platformasına çevrilib. Cəmiyyətin bir qismi tənqiddən çox, təhqirii, bir -birini "daşlamağı" üstün tutur.
Metbuat.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyir ki, bunların kökündə dayanan əsas səbəb cəmiyyətin mənəvi dəyərlərdən uzaqlaşmasıdır:
"Cəmiyyətdə çox ciddi dəyişikliklər baş verir. Cəmiyyət günü-gündən mürəkkəbləşir, insanlar arasında qarşılıqlı əlaqələr genişlənir. Əgər bu əlaqələrdə mənəvi dəyərlər böyük rol oynasaydı, belə vəziyyət yaranmızdı. Amma indi mənəvi dəyərlər sıxışdırılıb. Daha çox maddi, özündən razılıq kimi xüsusiyyətlər rol oynayır. Körpə gözünü açan kimi pul, ailədaxili münaqişələr, məktəbə gedəndə müəllimə pul, hədiyyə vermək kimi hərəkətlər görür. Bu neqativ hallar insanlar arasında qarşılıqlı əlaqələrin güclənməsində daha çox rol oynayır. Min illərin təcrübəsi göstərir ki, insanlar arasında mənəvi dəyərlər çox rol oynayanda daha müsbət xüsusiyyətlər özünü göstərir. Əks halda, cəmiyyətdə neqativ xüsusiyyətlər ortaya çıxır, insanların psixologiyasına təsir edir. Son zamanlar qız uşaqları ana bətnində qətlə yetirilir, valideyn özü buna "fərman" verir. Cəmiyyətdə belə valideynlər çoxaldıqca onların özünün şüurunun altında neqativ hallar insanlara da ötürülür. Bu, hələ bir misaldır. Biz cəmiyyətdə mənəvi dəyərlərdən istifadə etmirik, onu arxa plana atmışıq".
Onun sözlərinə görə, mürəkkəbləşən cəmiyyətə dəstək olmaq lazımdır. İnsanları bu yöndə maarifləndirmək üçün layihələr həyata keçirmək mütləqdir. Əks halda, vəziyyət daha da pisləşə bilər:
"Cəmiyyət mürəkkəbləşərkən onlara köməklik göstərmək lazımdır, biz isə bunu etmirik. Bunun üçün elmi metodlar var. Xəstələnən cavan orqanizmə bir az kömək göstərdikdə o dərhal sağalır, yaşlı adam üçün bu, çətindir, səhiyyəyə ehtiyacı olur. Cəmiyyət də belədir. Belə proqnoz verə bilərik ki, 10 ildən sonra yenidən belə xoşagəlməz hallar arta bilər. Çalışmaq lazımdır ki, mənəvi dəyərləri ön plana çıxsın. Bu kimi halların qarşısını almaq üçün sosial sifariş, humanitar siyasət lazımdır. Bu istiqamətdə layihələr həyata keçirilməlidir. Mən aidiyyəti qurumlara təkliflər də edirəm, amma etinasızlıq var".