17 avq 2023 00:12
Avqustun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Metbuat.az-a bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqlar, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov son zamanlar Ermənistanın regionda artan hərbi-siyasi təxribatlarının, bölgədə “blokada” və “gərgin humanitar vəziyyət” barədə saxta və əsassız iddiaların sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.
Avropa İttifaqı tərəfindən də dəstəklənmiş Ağdam-Xankəndi yolundan istifadə və buna paralel olaraq Laçın yolunda gediş-gəlişin intensivləşməsi barədə, eləcə də erməni sakinlərin nümayəndələri ilə reinteqrasiya istiqamətində görüşə dair razılıqların pozulmasının Ermənistanın normallaşma prosesində maraqlı olmadığını göstərdiyi vurğulanıb.
Tərəflər, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.