5 avq 2023 11:47
Yer kürəsinin dəniz və okeanlarının səthində suyun orta sutkalıq temperaturu 20,96°C-ə çatıb.
Metbuat.az xarici mediyaya istinadən xəbər verir ki, ilin bu vaxtı üçün rekord göstərici sayılan bu temperatur həddinə görə, ekoloqlar ciddi narahat olublar.
Yerin məsafədən zondlanması ilə məşğul olan və iqlim dəyişikliyi əlamətlərini izləyən "Kopernik”in ümumavropa proqramının hesabatına əsasən, son illərdə insan fəaliyyətinin ətraf mühitə kobud təsiri nəticəsində izafi istiliyin təxminən 90%-ni udan okeanlar artıq bu işin öhdəsindən gələ bilmirlər. Nəticədə, temperatur həddi yüksələn suda karbon qazı yaxşı udulmur və çox hissəsi atmosferdə qalır. Buzların əriməsini və dəniz səviyyəsini yüksəldən proses eyni zamanda okeanların flora və faunasını da məhv edir.
Temperaturun qalxması balıq və heyvanların köçünə səbəb olur. Bu da qida zəncirini pozan əsas amillərdəndir. Avropa Kosmik Agentliyinin və Britaniya Meteorologiya Xidmətinin məlumatına görə, iyunda Britaniya sahillərində suyun temperaturu adi haldan 3-5 dərəcə isti olub.
Məlumat üçün bildirək ki, 1982-2016-cı illərdə planetdə dəniz sularının kəskin istiləşməsi halları iki dəfə artıb. Maraqlısı odur ki, okeanlara gedən istiliyin səviyyəsinə təsir edə biləcək amillərdən biri gəmiçilikdən gələn çirklənmənin azalmasıdır. 2020-ci ildə Beynəlxalq Dəniz Təşkilatı gəmilər tərəfindən yandırılan yanacağın tərkibindəki kükürdün miqdarını azaltmaq üçün bir tənzimləmə tətbiq edib. Bu, atmosferə atılan aerozol hissəciklərinin miqdarını azaltmaqla sürətli təsirini göstərib. Lakin havanı çirkləndirən aerozollar istiliyi yenidən kosmosa əks etdirməyə kömək edir, onları çıxarmaq isə daha çox istiliyin sulara daxil olmasına səbəb ola bilər.
Okeanlarda plastik tullantıların çoxalması da fauna və floranı məhv edən əsas səbəblərdən sayılır. Alimlərin hesablamalarına görə, hazırda dünya okeanlarında 171 trilyondan çox plastik parça üzür. Məlumatlar göstərir ki, okeanlarda plastik konsentrasiyası 2005-ci ildən kəskin artıb.
Ekoloqlar xəbərdarlıq edir ki, əgər heç bir tədbir görülməsə, bu rəqəm 2040-cı ilə qədər təxminən üç dəfə arta bilər.
Aidə / Metbuat.az