1 avq 2023 10:41
Artıq universitetlərin ixtisas seçiminə az bir müddət qalıb. İmtahanlardan sonra abituriyentlərin əsas diqqət etməli olduğu mərhələlərdən biri də ixtisas seçimidir.
Metbuat.az-a danışan təhsil ekspertləri əmək bazarında hazırda ehtiyac duyulan sahələrin adlarını açıqlayıb.
Təhsil eksperti Elşən Qafarov bildirib ki, hazırda ən çox ehtiyac duyulan sahələr İKT üzrədir: "Hazırda İKT, informasiya mühəndisliyi, ümumiyyətlə mühəndislik ölkənin inkişaf konsepsiyasına uyğun olaraq tələb olunan sahələrdir. Həmçinin abituriyentlərin hazırda daha çox müraciət etdiyi müəllimlik, həkimlik peşələri, günü-gündən daha çox müraciət olunan logistika üzrə mütəxəssislərə tələbat artır. Müasir dünyada bu sahədə çox böyük tələbat olan sahələrdir. Yenə də liderliyi düşünürəm ki, İnformasiya mühəndisliyi, kompüter mühəndisliyi, IT mühəndisliyi olan ixtisaslar olacaq. Amma say baxımından stabil əmək bazarında stabil iş tapmaq üçün yenə də müəllimliyə daha çox müraciət olunacaq".
Təhsil eksperti Adil Vəliyev bildirib ki, abituriyentlərin bir çoxu demək olar ki, ixtisas seçimindən əvvəl ixtisaslar haqqında düşünmürlər. Sadəcə imtahan balına görə, ixtisas seçməyi nəzərdə tuturlar:
"Amma əvvəlcə onlar önlərinə bir hədəf qoymalıdırlar və o hədəfə uyğun hazırlaşmalıdır. Məsələn, deyək ki, hər hansı bir abituriyent kompüter mühəndisliyi ixtisasına, yaxud da tibb sahəsində hər hansı bir ixtisasa qəbul olmaq istəyir. Buna görə artıq dərs proqramını, istirahət vaxtı - hər bir şeyini ayarlamalıdır ki, gələcəkdə istədiyi ixtisasa qəbul olma şansı daha çox olsun".
Ekspert hazırda qruplar üzrə perpektivli olan sahələrin adlarını sadalayıb:
"Birinci qrupda yenə də kompüter mühəndisliyi, informasiya təhlükəsizliyinin adını çəkmək olar. Bu ixtisas artıq son illərdə həm universitetlərdə tədris olunmağa başlayır, həm də əmək bazarının tələb olunan ixtisaslardandır. Eynilə də biz ikinci qrupdan logistika ixtisasını deyə bilərik. Mühasibatlıq və maliyyə ixtisası yenə də öz aktuallığını qoruyur. Üçüncü qrupda dövlət və ictimai münasibətlər ixtisası var. Bu da yeni ixtisaslardan sayılır. Müəllimliyə gəlincə, ingilis dili müəllimlərinə də ehtiyac var. Azərbaycanda kifayət qədər liseylər var və bu liseylərin demək olar ki, bir çoxunda riyaziyyat, kimya, fizika, biologiya, bu kimi fənlər ingilis dilində tədris olunur. Həmin o liseylər, kurslar bu ixtisası bitirmiş müəllimləri axtarırlar. Dördüncü qrup ixtisasları demək olar ki, tibb sahəsi ilə bağlıdır. Müalicə işi, stomatologiya, fizioterapiyada və digər ixtisaslar perspektivlidir. Hətta fizioterapiyanın balı digər ixtisaslara nisbətən ixtisaslara nisbətdə az olsa belə kifayət qədər tələb olunan ixtisasdır. Bu saydığım ixtisasları bitirən tələbələr demək olar ki, artıq son kurslarda, hətta üçüncü, dördüncü kurslarda belə işə götürülürlər".
Gülər Seymurqızı