METBUAT.AZ

Siyasət

“​Ermənistanın “TIR şousu” bölgədəki gərginliyi artırır” -

2 avq 2023 10:33

"Ermənistanın TIR şousuna bir sıra xarici təşkilatların təxribat məqsədli dəstək olması təəssüf doğurmaqla yanaşı, bölgədə vəziyyətin stabilləşməsinə də xidmət etmir".

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. Deputat hesab edir ki, Ermənistan rəhbərliyi hələ də hər vəclə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırır.

"26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonun inkişafına töhvə baxımdan da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə niyə Ermənistan siyasi hakimiyyəti daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir?".

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ermənistan tərəfi 400 ton "humanitar yardım"ın Qarabağa çatdırılmasına qərar verib və yüklənmiş TIR-lar Laçın istiqamətində yola düşüb. Təbii ki, həmin yük karvanı Azərbaycan ərazisinə buraxılmayıb. Ermənistan tərəfi nəqliyyat vasitələrini sərhədlərimizə cəmləməklə siyasi manipulyasiyaya cəhd edir və bununla Laçın istiqamətində vəziyyəti gərginləşdirməyə çalışır.

Azərbaycanın rəsmi qurumları dəfələrlə bəyan ediblər ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Amma Ermənistan tərəfi bununla razılaşmayaraq, avtomobil karvanını sərhəd yaxınlığında saxlamağa davam edir.

Metbuat.az



metbuat.az.