METBUAT.AZ

Ölkə

ETSN nazirliyin adından yoxlama aparan şəxslərlə bağlı

15 avq 2023 09:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının adından istifadə etməklə naməlum şəxslər tərəfindən sahibkarlıq subyektlərinə yoxlama adı ilə gələrək, qanunsuz tələblər irəli sürülməsi barədə məlumatlar daxil olur.

Bu barədə Metbuat.az-a ETSN-dən bildirilib.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qeyd edilən obyektlərdə nazirliyin hər hansı qurumu tərəfindən yoxlama aparılması halı qeydə alınmayıb və həmin müəssisələrdə nazirliyin əməkdaşları ümumiyyətlə olmayıb.

Bununla bağlı sahibkarlıq subyektlərinin rəhbərlərindən xahiş olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından hər hansı yoxlama və ya monitorinq məqsədilə gələn şəxslərdən iş vəsiqəsi və araşdırma üçün icazə sənədi tələb edilsin.

Şübhəli hallara rast gəlindikdə isə dərhal Nazirliyin 168 Çağrı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat verilsin.


metbuat.az.