3 avq 2023 15:32
Avqustun 3-də Fövqəladə Hallar Nazirliyində FHN-in Akademiyasını bitirən məzunların Nazirlik sistemində mövcud müvafiq vakant vəzifələrə püşkatma yolu ilə təyinatı olub. Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Nazirliyin püşkatma komissiyasının üzvləri və FHN yanında İctimai şuranın nümayəndələri də iştirak ediblər.
Metbuat.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, əvvəlcə, nazir Kəmaləddin Heydərov zabit rütbəsinə layiq görülərək püşkatma yolu ilə vəzifələrə təyin olunan gəncləri təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Nazir təyinatın ədalət və şəffaflıq prinsipləri əsasında reallaşdığını qeyd edərək, gənc zabitlərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində üzərlərinə düşən vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, onların Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.
Sonra 2023-cü ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında əyani təhsilini bakalavriat səviyyəsində başa vuran 100 məzun və magistratura səviyyəsində başa vuran 15 məzun vakant vəzifələrin yer aldığı qapalı zərfləri çəkməklə püşkatma yolu ilə FHN sistemində müxtəlif vəzifələrə təyin ediliblər.