METBUAT.AZ

Ölkə

Füzulidə qəbiristanlıqda tələ-mina aşkar edilib -

18 avq 2023 16:58

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ-minaları, ölüm ehtimalını artıran sürpriz minalara rast gəlinir.

Bu barədə Metbuat.az-a ANAMA-dan bildirilib.

“Belə ki, Füzuli rayonunun Qorqan kənd qəbiristanlığında 1 ədəd TM-62M tank əleyhinə minasının üzərinə 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə PMN-Э minasının, eləcə də partlayış gücünün artırılması məqsədilə qeyd olunan iki minanın arasına TNT (partlayıcı) yerləşdirilməsi faktına rast gəlinib”, - məlumatda deyilir.

Vurğulanıb ki, tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub: “Aşkar olunan tank və piyada əleyhinə minalar, həmçinin yüksək tərkibli partlayıcıdan ibarət üst-üstə qoyulan tələ-minası mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

Agentlik tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı mülki təyinatlı sahələrdə və ətraf ərazilərində dəfələrlə rast gəlinən bu kimi tələ-minaların quraşdılırması dinc əhaliyə, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.

Müharibədən sonrakı dövrdə 180 mina insidentindən 128-i keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Cari ilin 18 avqust tarixinədək baş verən mina hadisələrində zərərçəkən 303 nəfərdən 217-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb”.

Qeyd olunmuş faktları nəzərə alaraq, ANAMA bir daha vətəndaşlara müraciət edərək təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa çağırıb.


metbuat.az.