2 avq 2023 14:50
Sabunçu rayonu Bilgəh qəsəbəsi sakini qonşusunun uzunmüddətdir qaz və elektrik pulu ödəmədiyi halda kəsintisiz enerjidən istifadə etdiy üçün saytımıza şikayət edib.
Metbuat.az-ın qaynar xəttinə edilən müraciətdə adının hallanmasını istəməyən vətəndaş bildirib ki, qonşusu Sabunçu rayonu Bilgəh qəsəbəsi 28 aprel küçəsində yaşayan F. Abbasovun “Azəriqaz” və “Azərişığ”a böyük məbləğdə borcu olmasına baxmayaraq onların enerji və qaz təminatı kəsilməyib.
"Bu ailənin borcu olmasına baxmayaraq çox rahat şəkildə enerjidən istifadə edirlər. Əgər hər hansı bir vətəndaşın bu adı hallanan qurumlara bir manat belə borcu olarsa həmin gün həm işıqları, həm də qazları kəsiləcəkdir. Nə üçün aidiyyatı qurumlar bu kimi hallara göz yumur və borcun tələb edilməsinə çalışmırlar? Ümid edirik, məsələnin əsl səbəbi araşdırılaraq qanunvericilikdə nəzərdə tutulan qaydada ölçü götürüləcəkdir".
Şikayətçi iddia edir ki, F. Abbasov və xanımı X. Abbasovanın “Azəriqaz”a 11 157, 13 manat, “Azərişığ”a isə 5 380, 66 manat borcu var.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Metbuat.az-a bildirdi ki, məsələ araşdırılmaq üçün nəzarətə götürülüb.
Borcu olan şəxsin mövqeyini də işıqlandırmağa hazırıq. Mövzunu diqqətdə saxlayacayıq.
Aidə / Metbuat.az