METBUAT.AZ

Ölkə

Hikmət Həsənovun köməkçisinin məhkəməsi

19 avq 2023 12:26

“Tərtər işi” üzrə ittiham olunan daha 5 nəfərin məhkəməsi başlayıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunlar-Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi Fuad Ağayevdir.

Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Hakim bildirib ki, bu iş üzrə 317 nəfər zərərçəkmiş qismində tanınıb, 4 nəfər isə işgəncə nəticəsində həyatını itirmiş şəxslərin hüquqi varisləri var.

Prosesdə müdafiə tərəfinin vəkilləri məhkəmənin qapalı keçirilməsi barədə vəsatət qaldırıblar.

Prokuror Orxan Kəngərli və zərərçəkmişlər buna etiraz ediblər. Vəsatət təmin edilməyib.

Prosesin davamında işgəncələr zamanı həyatını itirmiş hərbçi Elçin Quliyevin anası Validə Əhmədova ərizə ilə müraciət edərək bu iş üzrə də zərərçəkmiş qismində tanınmasını istəyib.

Hakim Zeynal Ağayev deyib ki, məhkəmə daxil olan ittiham çərçivəsində işə baxır. Məhkəmə ittihamı yüngülləşdirə bilər, amma ağırlaşdıra bilməz: “Zərərçəkmişlərin sayını artırmaq ittihamı ağırlaşdırmaq deməkdir. Biz qanunu poza bilmərik”.

İş üzrə baxış iclası avqustun 31-nə təyin edilib.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.

Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə ittiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.


metbuat.az.