18 avq 2023 13:42
Son vaxtlar Rusiya-İran münasibətləri bütün istiqamətlər üzrə inkişaf etməyə başlayıb.
Bir neçə gün bundan əvvəl "The Washington Post" sızdırılan sənədlərə istinadən yazıb ki, Moskva İranın köməyi ilə pilotsuz təyyarələrin kütləvi istehsalına başlayacaq. İran həm də Rusiya üçün 2022-ci ilin sentyabrından PUA-ların yığılması üçün lazım olan komponentləri də tədarük edir. Bundan başqa İranın Rusiya ilə viza rejimini ləğv etməsi ilə bağlı xəbərlər də gündəmdədir.
İki dövlət arasında yaranmış isti münasibətin gələcək inkişafı və hədəfləri barədə Metbuat.az-a açıqlama verən politoloq Turab Rzayev bildirdi ki, bu məsələdə Rusiya ilə İran arasında ittifaqın sərtləşməsinin əsas səbəblərindən biri də Qərbdir.
“Dünyada geopolitik qırılmalar baş verdikcə, qarşıdurmalar gücləndikcə yeni qütblərin yaranması müttəfiqləri ətrafında birləşdirərək konsoliasiya formalaşırır. Hazırda iki – Şərq və Qərb bloku var. Qərb bloku daha çox ABŞ və onun rəhbərlik etdiyi NATO-dur. Şərq bloku dedikdə isə daha çox Rusiya, Çin, İran və onların müttəfiqləri nəzərə alınır. Məhz bu məsələdə Rusiya ilə İran arasında ittifaqın sərtləşməsinin əsas səbəblərindən biri də Qərbin hər iki ölkəyə qarşı qoyduğu sanksiyalardır. Həm İranın, həm də Rusiyanın təhlükəsizlik problemləri var. Onlar Qərbə qarşı özlərini müdafiə etmək üçün birləşmə yolunu seçiblər. Bu məsələdə İranın da güclənməsininrolu xüsusidir. Çünki İran ordusu Qərbdən uzaqlaşmanın və Rusiya ilə yaxınlaşmanın tərəfdarıdır. Son dövrlər İran dövlətinin xarici siyasətində Rusiyaya qarşı kəskin dönüşün əsas səbəblərindən biri də İran İslam Keşikçiləri Korpusunun – “SEPAH”ın dövlət içərisində güclənməsidir. Rusiya-İran arasında birlikdə təkcə PUA istehsalı deyil, qarşılıqlı silah tədarükü də var. İki dövlət arasında birgə nəqliyyat- kommunikasiya dəhlizi layihəsi var. Hər iki ölkə daha çox uzunmüddətli dövrə hesablanmış siyasət yeridir və bunu davam etdirməyi düşünürlər”.
Politoloq hesab edir ki, İranın Çinlə 40 il ərzində 250milyard dollarlıq iqtisadi müqavilə imzalaması Rusiya-İran İttifaqının tədricən Rusiya –Çin- İran İttifaqına doğru inkişaf etdiyini göstərir.
“Düşünürəm ki, hələ də biz bir müddət bu tendensiyanın şahidi olacaq. Rusiya-İran İttifaqı Qərbə hədəflərinə çatmaq üçün maneədir. Qərbin hərbi siyasi hədəfi Rusiya iqtisadi isə Çindir.Artıq İranın da bu siyahıya daxil olması Qərbin işini çətinləşdirir. Buna görə də Bayden administrasiyası İrana təklif etmişdi ki, Rusiyadan uzaq olsalar İranın sanksiyaları götürülə bilər, hətta maliyyə güzəştləri tətbiq edilə bilər. Amma “SEPAH” bu təklifi qəbul etmədi. Elə edilən təklifin səhərisi gün artıq Ukrayna səmalarında İran PUA-ları gördük. İran daxilində Rusiya ilə yaxınlıq, tərəfdaş qüvvələrin həddən artıq güclü olduğunu düşünürəm”.
Bu ittifaqın Azərbaycanla bağlı münasibətlərə təsirinə gəldikdə isə Turab Rzayev qeyd etdi ki, İran və Rusiya ittifaqının güclənməsi Azərbaycanın geopolitik manevr imkanlarını da daraldır və hər iki ölkənin təzyiqinə qarşı müqavimətimizin əleyhinə olan bir vəziyyətdir.
Gülbəniz Hüseynli / Metbuat.az