30 avq 2023 15:57
Uşaqların hüquqlarını qoruyan beynəlxalq normalar
“Uşaq hüquqları haqqında Konvensiya”, doğulduğu ölkədən, cinsindən, dinindən, ictimai mənşəyindən asılı olmayaraq, bütün uşaqların hüquqlarını müəyyən edir. Bu Konvensiyanın əhatə dairəsi genişdir. Yaşamaq hüququ, şəxsi inkişaf hüququ; zərərli təsirlərdən müdafiə, istismardan müdafiə hüququ,ailə, mədəniyyət və ictimai həyata maneəsiz qoşulma hüquqları bu çərçivəyə daxildir. Konvensiyanın istiqamət verdiyi təməl dəyərlər bunlardır: ayrı-seçkiliyə yol verməmək, uşağın mənafelərinin qorunması,yaşam, inkişaf hüququ və iştirakçılıq.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra qanunvericiliyini beynəlxalq normalara uyğunlaşdırmaq məqsədi ilə bir sıra addımlar atmış, beynəlxalq hüquq normalarına çevrilən və uşaqların hüquqlarının üstünlüyünə təminat verən Konvensiyaları ratifikasiya etmişdir.
Azərbaycan Respublikasının Parlamenti 21 iyul 1992-ci BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını ratifikasiya etmişdir.
1993-cü ildə ölkəmiz «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» Ümumdünya Bəyannaməsinə qoşulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti 2000-ci ildə «Uşaqların silahlı münaqişəyə cəlb olunmaması», həmçinin, «Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası» üzrə Fakültativ Protokolları imzalamışdır.
2004-cü ildə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının «Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi» haqqında 182 saylı Konvensiyasına, həmçinin Beynəlxalq övladlığa götürməyə dair Haaqa Konvensiyasına qoşulmuşdur.
Belə sənədlərdən biri də regional mahiyyətdə olan "Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında" Avropa Konvensiyasıdır. 17 mart 2000-ci il
tarixdə, № 832-IQ saylı Qanunla Azərbaycan Respublikasının Milli Məclisi bu Konvensiyanı ratifikasiya etmişdir.
2003-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi BMT-tərəfindən qəbul edilən bir sıra sənədləri; "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasını, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" və "Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı" Protokolları ratifikasiya etmişdir.
Yenə eyni tarixdə "Azərbaycan Respublikasının Hökuməti və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİSEF) arasında əməkdaşlığa dair Əsas Saziş" təsdiq edilərək ölkədə qüvvəyə minmişdir.
Uşaq Hüquqlarını təminat altına alan yerli qanunvericilik
Uşaq hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prioritetlərindən olmuşdur. Beynəlxalq normaların ratifikasiyası ilə paralel olaraq, milli qanunvericiliyin bazasının formalaşması, milli hüququ sisteminin yaradılması və uşaqların ölkə daxili qanunlarla qorunması prosesi aparılmışdır.
25 avqust 1992-ci il tarixində “Əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir.
Bu Qanunun məqsədi Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasətini müəyyən etməkdir.
Azərbaycanda uşaqların hüquqlarını qorumaq məqsədi ilə qanunvericilikdə sistemli yeniliklər tətbiq edilmişdir. Onlardan biri də Milli Məclis tərəfindən 1998-ci ildə qəbul edilən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq qəbul edilmişdir. Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının vəzifələrini müəyyən edir.
1999-cu ildə qəbul edilmiş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının verilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
2003-cü ilə Azərbaycan Respublikasının Milli Məclisi “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanunu, 5 mart 2013-cü il tarixdə isə “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunu qəbul etmişdir. Bu Qanun uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını formalaşdırır.
KİV-də uşaq hüquqlarının qorunmasına təminat verən hüquqi baza
İnformasiya yayımı platformalarında uşaq hüquqularının qorunması istiqamətində də çoxsaylı qanunlar qəbul edilmişdir. Bu istiqamətdə qanunvericilikdə xeyli qoruyucu mexanizmlər yaradılmışdır. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunu, “Media haqqında” Azərbaycan Respublikasının qanunu, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunu, o cümlədən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmağı, lazımi anda məhdudiyyətlər tətbiq olunmasını şərtləndirir.
Həmin qanunvericilik aktları barədə növbəti məqaləmizdə daha detallı məlumat veriləcək.
Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi
tərəfindən, Murad Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində yetkinlik yaşına çatmayanlar haqqında informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlərin təşkili” adlı layihəçər çivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.