31 avq 2023 12:36
“44 günlük Vətən müharibəsindən sonra dəfələrlə bizim səfirliklərə ermənilər və yaxud onların havadarları tərəfindən edilən hücumlar, törədilən terraktlar bir daha göstərir ki, ermənilər heç bir diplomatik münasibətlərə, eyni zamanda beynəlxalq qanunlara məhəl qoymurlar”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Azərbaycanın Livandakı səfirliyinə edilən hücumların arxasında da erməni xisləti, terrorunun dəsti xətti olduğunu vurğulayan millət vəkili baş verənlərə səbəb kimi onların cəzalandırılmamasında görür.
“Əgər həmin dövlətlər onları ciddi şəkildə cəzalandırsaydılar, bu addımlar atılmazdı. Hər bir səfirliyin qorunmasına cavabdeh olan yerli xüsusi xidmət orqanları, mühafizə xidmətləri var. Bunlar öz funksiyalarını yüksək səviyyədə yerinə yetirməlidirlər. Buna imkan yaradan qruplaşmalar və yaxud özlərini Ermənistan dövlətinin dostları adlandıran həmin o dövlətlər demokratiyanın təbliğatı ilə məşqul olsalar da onların bəyanatları boş və cəfəngdir. Azərbaycan tərəfi səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Eyni zamanda təşkilatçıların cəzalandırılması ilə bağlı müvafiq addımların atılmasını tələb edilərək, dəyən ziyanla bağlı Azərbaycan hüquq mühafizə orqanları tərəfindən müvafiq cinayət maddələri ilə cinayət işi qaldırılacaqdır”.
Millət vəkili hesab edir ki, baş verən hadisələr ermənilərin sülh müqaviləsinin imzalanmasını istəmədiyinə, onların havadarlarının maraqlarına zidd olduğuna əsas sübutdur. Arzu Nağıyevin qənaətinə görə, regionda daimi konfliktlərin olması, Ermənistan və havadarlarının məqsədlərinə uyğundur və onlar bundan yararlanmaqla Cənubi Qafqazda nüfuzlarını yüksəltmək istəyirlər.
“Azərbaycan daxili və xarici siyasətini, dövlət müstəqilliyini, ərazi bütövlüyünü mütləq şəkildə bütün qanunlara uyğun olaraq müdafiə edib qoruyacaqdır. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ermənilərin qondarma müraciətinin nə ilə nəticələndiyinin də şahidi olduq. Artıq dünya ictimaiyyəti ermənilərin cəfəngiyyatla dolu bəyanatlarından heç bir ciddi nəticə çıxarmırlar. Bu Ermənistanın hiddətinə səbəb olur. Livandakı səfirliyimizə edilən hücum aktı mütləq araşdırılaraq, həmin ölkələrin hüquq mühafizə orqanları ilə aparılan tədqiqatın nəticəsi, hadisənin arxasında duran qüvvələr Azərbaycana bildirilməlidir. Əks halda, bu dövlətlər arasında münasibətin zəifləməsinə, diplomatik münasibətlərin gərginləşməsinə səbəb ola bilər”,- deyə Arzu Nağıyev qeyd edib.
Gülbəniz Hüseynli / Metbuat.az