2 avq 2023 14:59
1916-cı ildə çəkilən "Neft və milyonlar səltənətində" filmi Azərbaycan kino tarixində ilk tammetrajlı bədii filmdir. Rejissoru Boris Svetlov olan bu film İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında çəkilib.
Metbuat.az filmlə bağlı maraqlı detalları təqdim edir:
Film yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Film ilk dəfə Hacı Zeynalabdin Tağıyevin pasajında "Fransız Elektrobioqrafı"nda (indiki "Köhnə univermaq") göstərilmişdir.
Binəqədidə mədəndə baş verən yanğın da filmə daxil edilmişdir.
Filmi müşayiət edən yazılar həm azərbaycan, həm də rus dillərində köhnə psixoloji və salon dram əsərləri ruhunda yazılmışdır.
Film aktyor Hüseyn Ərəblinskinin kinoda ilk və son işidir.
Film Məmməd Əlilinin kinoda ilk işidir.
Film son illərə kimi Azərbaycanda çəkilən ilk film sayılırdı. Yəni Azərbaycan kinosunun tarixi 14 may 1916-cı ildən, bu filmin ilk dəfə göstərildiyi gündən hesablanırdı.
Film "Piron qardaşları" şirkətinə məxsus idi.
Filmi çəkmək üçün şirkət Peterburqdan rejissor Boris Svetlovu və operator Qriqori Lemberqi Bakıya dəvət etmişdi.
Film Bakıdan başqa Zaqafqaziya və Orta Asiyanın bir çox şəhərlərində nümayiş etdirildi.
Filmin titrləri azərbaycancadır.
Balaxanı neft mədənlərində milyonçu Səlimovun nəhəng neft sahələrindəki yanğın zamanı sənədli surətdə lentə alınaraq filmə salınmışdır.
Filmin qəzet reklamlarındakı "mədənlərdəki böyük yanğın dəxi göstəriləcəkdir" elanını təsdiq edən mədəndə yanğın kimi sensasiyalı reportaj süjeti bədii oyun kinodramaturgiyasının şərtiliyini pozur. "Toy" və "Kazinoda şənlik" epizodlarında xanəndə Cabbar Qaryağdıoğlunun musiqi üçlüyünün ifası səssiz olduğundan, illüstrativ xarakter daşıyaraq üzvi şəkildə dramaturji struktura daxil ola bilmir.
Film neft sahibkarlarının vəsaiti hesabına çəkilmişdir.
İddialara görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda teatrda olan "Neft və milyonlar səltənətində" filmi də yanıb külə dönür. Amma kinoşünas Aydın Kazımzadə bu ehtimalı təkzib edərək bildirib:
"Filma" şirkətinin öz ofisi varkən filmi niyə teatrda saxlamalıydı ki? Ola bilsin ki, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Hazırda orada yoxdur".
Metbuat.az