15 avq 2023 17:11
Xəbər verdiyimiz kimi, dünən gecə radələrində Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil qarşıda gedən “Scania” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. "Nikosayağı" kimi tanınan Nicat Şakirlinin isə sağ qolu dirsəkdən aşağı amputasiya olunub.
Metbuat.az "Baku.ws"ə istinadən bildirir ki, dünən qəza baş verən zaman yanlışlıqla xəbər səhifələri Ruslan adlı başqa bir şəxsin şəklini dərc edərək onun öldüyünü tirajlayıblar. Əslində həmin şəxs nə qəza baş verən zaman orada olub, nə də hər hansı bir xəsarət alıb. Barəsində ölüm xəbəri yayılan Ruslan Aslanov bildirdi ki, o, Nicatla yaxın dost olsa da, qəza zamanı orada olmayıb:
"Mən hadisə olan vaxt evdə idim və yatırdım. Bir də gecə saatlarında mənə zənglər gəlməyə başladı və hamı məndən halımı soruşdu. Sonra xəbər tutdum ki, bəzi səhifələr yanlışlıqla mənim şəklimi paylaşaraq ölüm xəbərimi yayıb.
Buna görə mənim ailə üzvlərim də çox narahat olub. Lakin qəzada dünyasını dəyişən başqa Ruslandır. Onun soyadı Məmmədovdur. Allah ona rəhmət eləsin, Nikoya isə şəfa versin".