METBUAT.AZ

Sosial

Pensiya ilə bağlı yeni qərarla bu problem həllini tapdı -

10 avq 2023 00:18

Nazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq.

Bəs yeni qanunun hansı əhəmiyyəti var?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Referans.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu dəyişikliyin bir çox pensiyaçıya müsbət təsirləri olacaq.

“Pensiyaların hesablanması ilə bağlı bir neçə dəfə dəyişikliklər olmuşdu və bu zaman təqribən 2017-ci ildən bəri təqaüdə çıxanlarda pensiyanın yenidən hesablanması ilə bağlı bəzi problem yaşanırdı. İndi yeni qaydaya görə, onların pensiyasını yenidən hesablamaq mümkün olacaq. Çünki minlərlə insan şikayət edirdi ki, onların pensiyası doğru hesablanmır. Həm təqaüd yaşının artırılması ilə bağlı, həm də minimum təaqüd artarkən Sosial Müdafiə Fonduna ödənişlərin minimum hissəsi də artır. Əvvəllər bu rəqəm 34 min idi. İndi isə 40 min 350 manat olub”.

İqtisadçı bildirib ki, həmin dövrdə, yəni son bir neçə ildə pensiyaya çıxanlarla bağlı problemlər yaşanırdı. Onun sözlərinə görə, onların pensiyalarının hesablanması düzgün olmurdu və narazılıqlar yaranırdı: “Yeni qaydalar isə həmin şəxslərin pensiyalarının yenidən hesablanmasına imkan yaradır və bu da müsbət bir haldır. Sadəcə ümid edək ki, onların pensiyaları qanunvericiliyə uyğun hesablanacaq və onlara bu günə qədər dəymiş ziyan yenidən geri ödəniləcək. Əgər bu baş verərsə, minlərlə insan öz pensiyasında artım hiss edəcək”.


metbuat.az.