25 avq 2023 14:11
"Putinin ətrafında da gərgin mübarizə gedir. Bəziləri Putini istefaya çağırırlar, bəziləri Putinin yaxın adamlarını vəzifədən götürülməsini tələb edirlər".
Bunu Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. Onun sözlərinə görə,
"Totalitar rejimlərdə diktatorların hökmranlıq etdiyi dövlətlərdə heç kəs təhlükədən, diktatorun qəzəbindən sığortalanmayıb. Yəni tarix boyu belə görsənir ki, diktatorun əhval - ruhiyəsinə uyğun olaraq qərarlar qəbul olunub. O qədər günahsız insanları məhv ediblər. Putin də belə bir rejim yaradıb. İndi hər kəsdən şübhələnir, hər kəsdən qorxur və bu diktatorların xüsusiyyətidir. Qorxduğuna görə də hər yerdə özünə qarşı təhlükə kölgəsi görür, öz kölgəsindən də qorxur. Priqojinin ölümü ilə bağlı məsələ tam aydınlaşmayıb. Çox adi həll olundu. Priqojin bu qədər tez və asan can verən adam deyildi. Ona görə də bu məsələlər çox mübahisələrə, müzakirələrə səbəb olacaq. Amma hər halda bu gün ortada olan faktı Rusiya rəsmiləri təsdiqləyirlər. Guya Priqojin və təyyarədə həlak olan 9 nəfərin yaxınları meyitləri tanıyıblar. Başqa zaman meyitlərin tanınması uzun zaman alır, amma bu dəfə məsələ çox tez həll olundu. Ona görə də şübhələr çoxdur".
Akif Nağı bildirir ki, Putin bu hərəkəti ilə özünü dünyaya belə göstərdi ki, istənilən şəxsdən intiqam ala bilər. Siyasətçi hazırda Putinin ətrafında güclü mübarizənin getdiyini deyir:
"Putinin ətrafında da gərgin mübarizə gedir. Bəziləri Putini istefaya çağırırlar, bəziləri Putinin yaxın adamlarını vəzifədən götürülməsini tələb edirlər. O cümlədən, Şoyqunun, Gerasimovun götürülməsini Priqojonu tələb edirdi. Priqojindən başqa, Rusiyanın Federal Təhlükəsizlik Xidməti onlarda ən üstün bir qurumdur və Putinin orada çox ciddi mövqeyi var. Hətta orada da Putinə qarşı müəyyən qüvvələr var ki, tələb edirlər ki, müəyyən şəxslər vəzifələrindən azad edilsin. Yəni hardasa Putinə təzyiq göstərmək istəyən müəyyən qüvvələr var. Rusiya rəhbərliyi də istər hərbi, istər siyasi rəhbərliyindənlara da bir mesaj göndərdi. Putin bu hərəkəti ilə "hər kəs otursun öz yerində" mesajını göndərdi".
Akif Nağının fikrində, bundan sonra Putin ətrafında "təmizləmə" işləri apara bilər:
"Ötən ilin fevralında Ukraynada geniş hərbi əməliyyatlara başlamaq ərəfəsində Putinin böyük çıxışı oldu. O, tamamilə SSRİ və Stalin əhval-ruhiyyəsinə uyğun gələn bir çıxış etdi. Lenini də tənqid edirdi ki, Rusiya imperiyasını o çevirdi, Rusiya imperiyası o şəkildə saxlamaq lazımdır və sair və ilaxır. Yəni o cür ambisiya ilə çıxış edirdi, öz mövqeyini ortaya qoyurdu. Bu, bir tərəfdən onun zəiflədiyini və təsir imkanlarını azaldığını göstərir. Digər tərəfdən diktatorun əl atdığı axırıncı metodları ortaya gətirir ki, yəni bu metodlarla hakimiyyətini möhkəmləndirməyə çalışır. Ona görə də bir müddət ola bilər ki, hakimiyyəti möhkəmləndirsin, ətrafında təmizləmə işləri aparsın, çəkinmədən başqalarını da cəzalandıra, arada götürə bilər".
Gülər Seymurqızı