21 avq 2023 10:41
Prokuror Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Metbuat.az "Report"a istinadən xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxışında elan edib.
Növbəti proses sentyabrın 8-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.
D.Əliyevanın qanunsuz əməllər törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.