METBUAT.AZ

Siyasət

“Qarabağ erməniləri Bakıya gəlməyə məhkumdur”​ -

3 avq 2023 09:55

“Qarabağın erməni icması ilə Yevlaxda görüş keçirilməsi təklifi Azərbaycanın maraqlarına uyğun olan təklifdir. Fərqi yoxdur, bu görüş Yevlax, Bakı və yaxud da Azərbaycanın başqa bir şəhərində keçirilir, əsas məqam ondan ibarətdir ki, müzakirələr məhz Azərbaycan ərazisində baş tutsun”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Şahin Cəfərli deyib. Analitik hesab edir ki, belə görüşlərin Azərbaycandan kənarda keçirilməsi ölkənin maraqlarına uyğun olmayan mənzərə yarada bilər.

“Qarabağ Azərbaycan ərazisidir və bütün dünya tərəfindən bu formada, Qarabağ erməniləri isə Azərbaycan tərəfindən öz vətəndaşları kimi qəbul olunur. Yəni Azərbaycan Qarabağda yaşayan əhalini öz vətəndaşı hesab edir və bu baxımdan həmin əhalinin təmsilçiləri ilə dialoqun qurulması, təşkili ölkə ərazisində olmalıdır. Bunun ölkədən xaricdə keçirilməsi heç bir məntiqə uyğun deyil. Burada söhbət Azərbaycan vətəndaşlarının tərkib hissəsi olan icma arasında dialoqdan gedir və bunun da təbii ki, Yevlaxda, Bakıda, eləcə də Azərbaycanın başqa bir yerində keçirilməsi daha uyğundur. Ümumiyyətlə, Azərbaycanın maraqları baxımından yaxşı olardı ki, burada hər hansı bir vasitəçi iştirak etməsin. Hesab edirəm ki, belə dialoq Rusiyanın vasitəçiliyi ilə keçirilməməlidir, çünki burada Rusiyanın maraqları aydındır. Bildiyiniz kimi, Rusiyaya bu problemin qəti şəkildə, köklü formada həlli sərf etmir. Nə qədər ki, Rusiya burada iştirak edir, problemin qəti həllindən danışmaq çətindir. Əgər bu formada dialoq keçiriləcəksə, Azərbaycan burada xarici vasitəçi olmamasına çalışmalıdır”.


Qarabağ ermənilərinin bu dialoqdan imtina etmək kimi şanslarını olmadığını ifadə edən Şahin Cəfərli qeyd etdi ki, onlar müzakirələrdə iştirak etməyə, Azərbaycanla razılığa gəlməyə məhkumdurlar:

“Onların artıq separatçılığı davam etdirmək, Azərbaycana tabe olmamaq, ölkəmizə silah qaldırmaq kimi yolları tükənib. Buna cəhd etsələr, digər destruktiv addımlar atacaqları təqdirdə də hər hansı nəticə əldə edə bilməyəcəklər. Xatırladım ki, Qarabağın erməni icması ilə dialoqun baş tutmasına mane olan kənar təsir qüvvələri xüsusən də hazırda Rusiyanın sülhməramlı adlanan hərbi kontingenti onların seçimlərinə, addımlarına ciddi təsir edir. Əgər Qarabağ erməniləri bundan sonra da qeyri-konstruktiv mövqe və davranış sərgiləyərsə bunun arxasında Rusiyanın dayandığını təxmin etmək elə də çətin deyil. Qarabağdakı erməniləri cəsarətləndirə biləcək başqa güc yoxdur. Onları buna vadar edən güc məhz Rusiyadır”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.