METBUAT.AZ

Siyasət

Qarabağın erməni icması Yevlax görüşü baş tutacaqmı? -

2 avq 2023 12:20

“Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi , Azərbaycanın daxili işidir və bunun hansı müstəvidə aparılmasını məhz Azərbaycan təyin edir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Erməni tərəfinin - Qarabağ ərazisindəki separatçıların ciddi cəhdlə bu danışıqlara mane olduğunu xatırladan Arzu Nağıyev bildirdi ki, onlar çalışırlar ki, məsələyə beynəlxalq status verilsin və kiminsə iştirakı ilə bu danışıqlar keçirilsin.

“Bu, absurd məsələdir. Cənab Prezident İlham Əliyevin də mövqeyi birmənalı şəkildə ondan ibarətdir ki, humanist addım atılaraq danışıqlara gedilsin və gedirik də. Lakin bütün bu danışıqlar ancaq Azərbaycanın diktəsi, razılığı ilə keçirilməlidir. Bir müddət öncə yer məsələsi ilə bağlı erməni kütləvi informasiya vasitələri ciddi cəhdlə məhz danışıqların, qeyri hökumət təşkilatları, eyni zamanda Amerika Birləşmiş Ştatları vasitəçiliyi ilə guya Bolqarıstanda keçirilməsinə haqda mesaj verdilər. Qeyd edim ki, hansısa qeyri hökumət təşkilatları, müxtəlif siyasi qurumlar belə danışıqlar apara bilməzlər. Kiminsə beynəlxalq səviyyədə buna status vermək cəhdi də baş tutan deyil”.


Millət vəkili hesab edir ki, sonuncu dəfə danışıqların baş tutması üçün məkanın Azərbaycanın Yevlax şəhəri seçilməsi də çox mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan ərazisində məhz erməni icmasından danışıqların keçirilməsi müsbət bir hal kimi dəyərləndirilir və dəyərləndirilməlidir. Buna mane olan qüvvələr də var. Bu gün Ermənistanda keçmiş səhra komandirləri, Qarabağda cinayətlər törədərək sonradan Ermənistanda vəzifələr tutmuş şəxslər Koçaryanlar, Sarkisyanlar ciddi cəhdlə çalışılar ki, danışıqlar baş tutmasın, çünki bilirlər ki, onların cinayətləri ifşa olunacaq. Qarabağda üç qrup erməni yaşayır. Bunlar Azərbaycan bayrağı, konstitusiyası altında yaşamaq istəyənlər, Bu və ya digər şəkildə köçürüb orada yerləşərək indi də qaçmağa cəhd edənlər və özlərinə müxtəlif qondarma vəzifələr təyin edərək bu istiqamətdə separatçılığa meylli şəxslərdir. BU danışıqlara mane olacaq qüvvələrə əsasən onlardır. Son humanitar yardım adı altında təzyiqlərə baxmayaraq, Azərbaycanın mövqeyi birmənalıdır. Biz qeyd etmişik ki, Qarabağ ərazisində yaşayan erməni icması Azərbaycan vətəndaşıdır və ölkəmiz onlara digər qruplara necə münasibət bəsləyirsə, o cür də münasibət bəsləməyə hazırdır. Buna görə də Yevlaxda danışıqların keçirilməsi bir müsbət hal kimi dəyərləndirilməlidir. Heç bir xarici qüvvə bu və ya digər şəkildə Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasətə zərbə vurub onu bu siyasətindən döndərə bilməz”.

Məsələyə münasibət bildirən Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı Metbuat.az-a bildirdi ki, Yevlaxda keçirilməsi düşünülən görüş ilə bağlı fərqli düşünür.

“Ola bilər bu baş tutusun. Erməni mətbuatı Yevlax görüşü ilə bağlı müxtəlif fikirlər səsləndirib tamam başqa mövqedən yanaşırlar. Onlar müzakirələr zamanı vasitəçilərin müəyyən edilməsinə, hansı suallar ətrafında fikir mübadiləsi aparmaqla bağlı Azərbaycan qarşısında şərtlər qoyurlar. Fikrimcə, Azərbaycan öz işini görməlidir.Bu məsələ ilə bağlı xüsusi vurğular etməyə ehtiyac yoxdur. Qarabağ ermənilərinin inteqrasiya, onların yenidən Azərbaycan cəmiyyətinə uyğunlaşdırılması istiqamətində addımlar atılmalıdır. Xankəndində hakimiyyətimizi bərpa etməliyik. Oradakı ermənilər vətəndaş kimi yaşayırlar, yaşasınlar, yaşamaq istəmirlərsə bu onların seçimidir. Onlara hər hansı bir reinteqrasiya və yaxud xüsusi diqqət göstərməyə heç bir ehtiyac yoxdur”.


Politoloq Turan Rzayev Metbuat.az-a vurğuladı ki, sülh istəyən tərəf üçün görüş yerinin Bakıda və ya Yevlaxda keçirilməsinin elə də əhəmiyyəti olmamalıydı.

Görüşün harada baş tutması Azərbaycan üçün elə bir fərqi yoxdu. Bu mövzuda Azərbaycan tərəfi üçün görüşün ölkə daxilində olması və vasitəçilər olmadan keçirilməsinə maraqlıdır. Ümumiyyətlə bu müzakirələr reinteqrasiya prosesinin sürətlənməsi baxımından vacib hesab edilə bilər. Görüşdə kimlərin iştirak edəcəyi də hələlik bəlli deyil. Amma indiki məqamda Azərbaycan tərəfi üçün önəmli olan bu görüşün keçirilməsidir. Bu baş tutarsa, Bakı və Xankəndi arasındakı təmasların və reinteqrasiya prosesinin sürətli inkişafına gətirib çıxara bilər. Azərbaycan proseslərin sülh yolu ilə həllində maraqlıdır və bunun üçün də maksimum dərəcə əlindən gələni edir. Ölkəmiz konstruktiv yanaşma sərgiləyir.


Hesab edirəm ki, Yevlaxda keçiriləcək görüş problemin aradan qaldırılması istiqamətində müsbət nəticələnə bilər. Ümumiyyətlə, Rusiya tərəfi də bu görüşün baş tutmasına maraqlıdır. Ermənistanın sonuncu humanitar şousu faktiki olaraq beynəlxalq ictimaiyyətin regiona diqqətini çəkib. Rusiya da bundan narahatdır. Qarabağ məsələsi də beynəlxalq mahiyyət alarsa, digər ölkələrin prosesə müdaxilə riskləri yarana bilər. Buna görə də Rusiya tərəfi indiki məqamda belə bir görüşün olmasında maraqlıdır və görünür, elə separatçılar da bu istiqamətdə təzyiqlər edilir. Halbuki bundan öncə iki dəfə görüşü rədd etmişdilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.