METBUAT.AZ

Siyasət

"Qərbin Ukraynanı sıxışdırmaqda məqsədi var" -

19 avq 2023 12:44

“Qərb artıq Ukraynanı sıxışdırmaq, müharibənin intensivliyini azaltmaq, indiki durumu uzunmüddətli münaqişəyə çevirmək istəyir. “NATO nümayəndəsi Stian Yenssenin Ukraynanı torpaq güzəştinə getməsinə çağırması təsadüfi işlənmiş ifadə deyil”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. S.Yenssen daha əvvəl də NATO-ya üzvlük müqabilində Ukraynanı torpaq güzəştinə getməyə təklif etmişdi. Vəziyyəti Metbuat.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, son vaxtlar NATO ilə Ukrayna arasında müşahidə edilən gərginlik ABŞ-ın gələcəkdə Ukraynanı yarı yolda qoya biləcəyi fikirlərini yaradıb.

“Əslində bu ehtimal istisna deyil. Bizə bu oxşar situasiyaları Gürcüstanın siyasi mənzərəsində də görmüşük. Vaxtilə keçmiş prezident Mixeil Saakaşvili Qərbə lazım olmayandan sonra ondan imtina etdilər. Bu ssenari Cənubi Qafqazda da, Suriyada, Misirdə də təkrarlanıb. ABŞ hadisələrə öz maraqları kontekstindən yanaşır. Qərbb Ukraynanın qayğısını çəkmir. Ona Ukrayna yox, Şərqi Avropadakı Rusiya ilə bağlı maraqlarının təmin olunması lazımdır. Son vaxtlar müxtəlif Qərb rəsmiləri əks-hücum əməliyyatlarının ləng getdiyini bildirirlər. Görünür, artıq Qərbdə konfliktlərə ayırdığı vəsaitlərdən adekvat nəticəyə əldə olunmadığı təssüratları yaranıb”.

Yaxın günlərdə ziddiyyətlərin daha da artacağını ifadə edən Kənan Novruzov hesab edir ki, vəziyyət belə davam edərsəUkraynanı çox çətin günlər gözləyə bilər.

“Volodimir Zelenskinin də prezident Saakaşvilinin taleyi ilə bənzər hadisələr gözləyir. Bu Rusiya üçün də qələbə vəd etmir. Rusiyada o vaxta kimi sağalmaz yaralar qalacaq. Bəzi ekspertlərin NATO ilə aralarında yaranmış gərginlik fonunda Rusiyanın qalib gəldiyi açıqlamaları gözdən pərdə asmaq üçündür. İki ölkə arasındakı vəziyyət, davam edən müharibə, qarışıqlıq ABŞ ın xarici siyasəti üçün heç də yad deyil”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.