31 avq 2023 12:13
Qeyri-hökumət təşkilatları (QHT) ermənilərin Sərsəng su anbarında yaratdığı ekoloji terrorla bağlı bəyanat yayıb.
Metbuat.az xəbər verir ki, bəyanatda deyilir:
Biz, Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatları birgə bəyanat verərək Sərsəng su anbarında yaranmış qəza vəziyyeti ilə əlaqədar dərin narahatlığımızı ifadə edirik.
Sərsəng su anbarının Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən qəsdən Azərbaycan əhalisinə qarşı ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunması yolverilməzdir.
47 il əvvəl istismara verilmiş Sərsəng su anbarının təmir və bərpasına ciddi ehtiyac var. 30 ildən artıqdır ki, Ermənistan bu su anbarını qanunsuz istismar edib, iqtisadi və ekoloji cinayətkarlıqla məşğul olub. Bu əməllərin davam etdirilməsi yolverilməzdir.
Azərbaycanın rəsmi qurumlarının bu yaxınlarda Sərsəng ile əlaqədar yaydığı bəyanatda qeyd edilir ki, anbarın mövcud qəza vəziyyəti onun aşağı hissəsində yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaradır.
Uzun illər bu su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə buraxılıb və nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətləri qışda su altında qalıb. İsti yay mövsümundə isə su buraxılmayıb, bu da kəskin su qıtlığı, əkin sahələrinin suvarılmasında problemlər yaradıb, yaşıllıqlar quruyaraq məhv olub.
1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bu, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir.
Ermənistan heç vaxt Sərsəng su anbarı ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayıb. Bunun bariz nümunəsi kimi Ermənistan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə bu hərəkətlərin Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratmağa yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilməsindən nəticə çıxarmayıb. Həmin qətnamədə göstərilirdi ki, Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana gətirib çıxara bilən böyük fəlakət riskinə malikdir.
Ötən dövrdə Ermənistanın qanunsuz fəaliyyətini davam etdirməsi Sərsəng su anbarında hər an dəhşətli humanitar fəlakətə səbəb ola bilər.
Böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının suvarma tələb olunan əraziləri Ermənistanın Sərsəng su anbarı ilə əlaqədar özbaşınaqlıqlarının qurbanına çevrilib. Biz buna etiraz edirik! Sərsəng su anbarı təyinatı üzrə istifadə olunarsa, 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə celb oluna bilər.
Ermənistan törətdiyi digər ekoloji cinayətlər ilə yanaşı, Sərsəng su anbarının qanunsuz istismarı və ekoloji terror aləti kimi istifadəsi nəticəsində Azərbaycan iqtisadiyyatına vurduğu böyük zərərə görə Azərbaycan dövlətinə təzminat ödəməlidir.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində ekoloji terroru davam etdirənlər Azərbaycan Respublikasının ədalət mühakiməsinə cəlb edilməlidirlər. Biz Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müraciət edirik ki, Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar mümkün olan bütün tədbirlər həyata keçirilsin!
Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör- töküntülərinin Azərbaycana qarşı ekoloji terror fəaliyyəti dərhal dayandırılmalı və Sərsəng su anbarının idarəçiliyi Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlanına təhvil veriməlidir.