METBUAT.AZ

İqtisadiyyat

“Şahdəniz”ə bu il çəkilən xərclərin həcmi

3 avq 2023 13:04

Bu ilin birinci rübündə “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 1 mlrd. 208 mln. dollar əməliyyat xərcləri və təxminən 408 mln. dollar əsaslı xərclər çəkilib (toplam – 1 mlrd. 616 mln. dollar – red.).

Metbuat.az-ın BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci yarısının nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, qeyd olunan xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” (yatağın işlənilməsinin ikinci mərhələsi) layihəsinə aid olub.

“Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib”, - hesabatda qeyd olunur.

Hesabata əsasən, İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 13 mlrd. standart kubmetr qaz və 2 mln. tondan çox (təqribən 18 mln. barel) kondensat hasil edilib. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 mln. (ildə təqribən 26,5 mln.) standart kubmetrdi.

Bildirilir ki, 2023-cü ilin ikinci rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.

“Quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda davam edib. Layihə çərçivəsində şərq-şimal cinahının hasilat axın xətlərində suvurma, təmizləmə, ölçmə və hidrosınaq işləri uğurla yerinə yetirilmiş, cinahda bütün elastik monoborular quraşdırılıb, eləcə də “Şahdəniz Bravo” platforması ərazisində qalan qoşucu qovşaqların birləşdirilməsi işləri tamamlanıb”, - hesabatda deyilir.

İlin ilk altı ayında “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“Şahdəniz 2 layihəsi” çərçivəsində quyuların tamamlama işləri “İstiqlal” qazma qurğusu vasitəsilə davam edir.

Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.


metbuat.az.