METBUAT.AZ

Ölkə

“Şuşa” tankerinin ilk səfəri

7 avq 2023 10:44

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan “Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri baş tutub.

Metbuat.az xəbər verir ki, ASCO-nun 100% törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkətinin idarə etdiyi gəmi 29 iyul tarixində Libiyanın Es Sider limanında xam neftlə yüklənib və İtaliyanın Augusta limanına doğru yola çıxıb.

“Aframax” tipli tankerin ilk səfəri uğurla tamamlanıb və təyinat limanında yük təhlükəsiz şəkildə gəmidən boşaldılıb.

Qeyd edək ki, “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan "Aframax" tipli 3 tankerin hər birinin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 000 tondur və onlar Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında istismar ediləcəklər.

Onu da əlavə edək ki, “Aframax” tipli tankerlərin alınması Prezident İlham Əliyevin birbaşa dəstəyi və diqqəti ilə mümkün olub. Bununla yanaşı, sözügedən nəhəng gəmilər ölkə rəhbərinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən tarixi torpaqlarımızın şərəfinə adlandırılıb.


metbuat.az.