23 avq 2023 16:35
Artıq yeni tədris ilinə az qalıb. Bu isə o deməkdir ki, regionlardan və xarici ölkələrdən paytaxt Bakıya və digər regionlara tələbə axını başlayacaq.
Bəs hazırda kirayə mənzil bazarında qiymətlər nə yerdədir?
Metbuat.az-a danışan "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, hazırda mənzillərin kitayə qiymətində artım var. Ən çox artım birotaqlı evlərdə müşahidə olunur:
"Hazırda Bakıda kirayə mənzil bazarında orta mənzil qiyməti 843 manatdır. Bir kvadratın dəyəri ilə 9,49 manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə orta mənzilin kirayə qiyməti 14,07%, bir kvadrat metrinə isə orta qiymət ötən illə müqayisədə 19,37% təşkil edib. Otaqlar üzrə qiymət artımına gəlincə, ən çox birotaqlı evlərdə qeydə alınıb - 16, 46%. İkiotaqlıda 11,91%, üçotaqlıda 10,68%, çoxotaqlıda isə 3,92% qiymət artımı olub".
O bildirib ki, artıq avqustun sonu, sentyabrın əvvəlinə kirayə mənzil bazarında qiymət artımı gözlənilir:
"Ötən ilin avqust ayının II dekadasında qiymət artımı 6,22% olub, sentyabrda isə 9,74% olub. Bu onu demək əsas verir ki, avqustun sonu, sentyabrın əvvəlində qiymət artımı qaçılmaz olacaq".
Nüsrət İbrahimov həmçinin regionlarda da kirayə evlərin qiymətlərində artım olduğunu bildirib: "Regionlarda mənzillərin orta kirayə qiyməti 342 manatdan 367 manata çatıb. İl ərzində 7,31% faiz artım olub".
Gülər Seymurqızı