25 avq 2023 15:21
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı gözlənilməz şəkildə faizini kəskin artırıb. Bir neçə müddətdir iqtisadçılar Mərkəzi Bankın faizini 2,50 faiz bəndi artıraraq 17,50 faizdən 20 faizə qaldıracağını gözləsələr də, Türkiyə Mərkəzi Bankı radikal qərarla uçot dərəcəsini faizini 7,50 faiz bəndi artıraraq 25 faizə çatdırdı.
Metbuat.az xəbər verir ki, Türk Lirəsinin bahalaşmasına səbəb olan bu qərarla bağlı açıqlama verən türkiyəli iqtisadçı-ekspert Mahfi Eyilmez bildirdi ki, kreditlərin bahalaşması, ümumi tələbin azalması və işsizlin artmasına səbəb olur:
“Bu artım yaxın keçmişdə tətbiq edilən yanlış pul siyasəti yanaşmasını düzəltməyə yönəlmiş tənzimləmələrin davamıdır. Faizlə inflyasiya əlaqəsinin düzgün qurulması və faiz siyasətinin inflyasiya üzərində tam təsirli olması üçün hələ çox addımlar atılmalıdır. Digər tərəfdən, bu son artım qərarı bazarlara sürpriz bir şəkildə təsir etdi. Mərkəzi Bankın banklara qısamüddətli kreditlər verməklə təmin etdiyi resursların ümumi bank resurslarında payı 15 faiz civarındadır. Türkiyə Mərkəzi Bankın bu faiz artımı ilə pul siyasətini sərtləşdirəcəyi mesajını verməsi nəticəsində banklar yaxın aylarda likvidliyə çatmağın daha çətin və baha başa gələcəyini təxmin edərək və əvvəlcədən daha çox vəsait cəlb etmək üçün depozit faizlərini artırmağa başlayacaqlar. Mərkəzi bank uçot dərəcəsini artırdıqda ölkədə pul bahalaşır, qənaətə meyl artır və tələb azalmağa başlayır. Təbii ki, resurs xərclərinin bu artımları bankların kredit faizlərini artırmasına səbəb olur. Mərkəzi Bankın uçot dərəcəsini 25-ə yüksəltməsinin ilk nəticəsi TL-ni xarici valyutalar qarşısında bahalaşdırdı. Bazarda Mərkəzi Bankın faiz dərəcələrini artırmağa davam edəcəyi ilə bağlı fikir formalaşması ilə xarici valyutaya tələbdə azalma tendensiyası yaranıb. Digər təsirlər zamanla ortaya çıxacaq”.
İqtisadçı-ekspert Günay Hüseynova da durmadan artan inflyasiyanın qabağına keçmək üçün Türkiyə Mərkəzi Bankının bu addımı atmasını gözlənilən olduğunu qeyd etdi. Ekspert bunun səbəbini daxili tələb, qiymətlər, valyutayaya bağlı olan iqtisadi təzyiqər, vergi sahəsindəki islahatlar, yanacaq qiymətlərindəki dəyişimlər, inflyasiyanın súrətinin endirilməsinə dair islahatlarla əlaqələndirdi.
“Bu göstəriciləri faiz ilə inflyasiya baxımından dəyərləndirsək görərik ki, inflyasiya gözləntiləri və qiymətlər arasında əlaqələndirmə var.Türkiyə Mərkəzi bankının bu qərarı halhazırda qısa müddətli inflyasiyanın artım tempini müəyyən pilləyə düşürənə qədər davam edə bilər.Uçot dərəcəsinin artımı bazar iştirakçıları üçün müəyyən müddətli motivasiya xarakteri daşıyır.Burda əsas problem alıcılıq qabiliyyətinin yüksəlməsi, sahibkar və vətəndaşda inam yaratmaqdır.Dəfələrlə artan valyutaya qarşı uçot dərəcəsi endirilsə də əhalinin alıcılıq qabiliyyəti və artan qiymətlər tərs mütənasib olur.Ümumiyyətlə, seçkilərdən sonraki iqtisadi prosedurları ümumilikdə baş verəcək iqtisadi çöküşə doğru qabaqlayıcı tədbirlər olaraq qiymətləndirə bilərik”-, deyə ekspert bildirib.
Gülbəniz Hüseynli / Metbuat.az