14 avq 2023 16:29
Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edən türkiyəli jurnalistlər avqustun 14-də Zəngilan rayonunun Ağalı kəndində olublar.
Metbuat.az xəbər verir ki, burada onları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
Qardaş ölkədən olan media nümayəndələrinə Ağalı kəndi barədə ətraflı məlumat verilib. Bildirilib ki, 27 il işğal altında olan Zəngilan rayonu da ermənilər tərəfindən tamamilə dağıdılıb, bütün infrastruktur məhv edilib. Rayonun təbiəti də ekoloji terrora məruz qalıb. Lakin 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq Qələbəsindən sonra işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Zəngilanda da genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. “Ağıllı kənd” layihəsi əsasında Ağalı kəndində qısa müddətdə quruculuq işləri həyata keçirilib. “Böyük Qayıdış” proqramına uyğun olaraq ilk növbədə Ağalı kəndinin sakinləri doğma yurdlarına qayıdıblar.
Bildirilib ki, bir neçə gün əvvəl Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi həyata keçirilib və 106 nəfərdən ibarət daha 22 ailə kəndə köçürülüb. Hazırda Ağalıda ümumilikdə 526 nəfərdən ibarət 108 ailə məskunlaşıb. Kənd sakinləri müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışmaq imkanı əldə ediblər. Köçürülmüş əhali üçün bütün infrastruktur - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar yaradılıb.
Türkiyəli jurnalistlərə Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolunun, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisinin sürətlə davam etdirilməsi barədə də məlumat verilib. Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi məqsədilə 2021-ci ilin aprelində tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanının Türkiyə və Azərbaycan prezidentlərinin birgə iştirakı ilə istifadəyə verildiyi xatırlanıb.
Qeyd olunub ki, Zəngilanın yenidən qurulması işində qarşıda duran vacib məsələlərdən biri də işğal dövründə məhv edilən ekosistemin bərpasıdır. Bəsitçay hövzəsi boyunca mövcud olmuş təbii çinar meşəsi Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük çinar meşəsi olub. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində çinar meşələri ekosidə məruz qalıb. Zəngilanın ekosisteminin bərpası üçün 20 min çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib. Zəngilan rayonunda həm də dayanıqlı kənd təsərrüfatının, turizm sahəsinin, xüsusilə ekoturizmin və kənd turizminin inkişafına təkan verə biləcək sahələrin yaradılması da nəzərdə tutulub. Bütün bu işlər burada yaşayan əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verəcək.
Sonra media nümayəndələri Ağalı kəndinin ərazisini gəzib, görülən işlərlə yaxından tanış olublar.