METBUAT.AZ

Siyasət

“Yürüşə çıxan ermənilərin qarşısına 25 min Azərbaycan qaçqınını çıxarmaq lazımdır” -

4 avq 2023 12:23

Son günlər erməni mətbuatında Qarabağdakı separatçıların daha da fəallaşması haqqında informasiyalar yayımlanmaqdadır. Ermənistanın “Hraparak” nəşri yazır ki, Xankəndinin mərkəzində 25 avtobus erməniləri Laçın postunun yerləşdiyi Həkəri körpüsünə aparacaq.

Erməni mediası yazır ki, məqsəd əli silahsız Xankəndi ermənilərini sərhəd xəttinə aparmaqla yürüşə məcbur etdirməkdir.

İrəvanın son təxribat karvanı barədə Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirdi ki, sərhəd xəttinə yürüşə cəhd edən adamların içində terrorçuları təsbit edib həbs etmək lazımdır:


“Hesab edirəm ki, orada iştirak edənlərin əksəriyyəti əslində mahiyyətcə terrorçulardır. Onların qarşısına 25 min Azərbaycanın qaçqınını, məcburi köçkününü çıxartmaq lazımdır. Çünki qaçqınlar da Xankəndinin boşaldılmasını, orada yaşamaq haqqının olduğunu, Qarabağın terrorçulardan təmizlənməsinin vacibliyini vurğulamalıdırlar. Ümumiyyətlə, bu istiqamətdə ermənilərin atdığı addıma qarşı Azərbaycanın adekvat addım atması vacibdir. Nəticədə, həm terrorçuları ələ keçirəcək, həm də digər məsələlərin həllini təmin edə bilərik”.

Məsələyə münasibət bildirən politoloq Samir Hümbətov hesab edir ki, Xankəndidə erməni separatçılarının alovlanmasına səbəb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına verdiyi müsahibə olub:


“Bu müsahibə həm Qarabağ erməniləri arasında, həm də Ermənistanda hakimiyyət daxilində ciddi səs-küyə səbəb oldu. Onları yenidən düşünməyə vadar etdi. Təbii ki, Ermənistanla bağlı verilən mesajlarda Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı Azərbaycan tərəfindən hər hansı bir problemlərin olmadığı, qısa müddətdə sülhün əldə olunması imkanları əks olunmuşdu. Həmin müsahibədə eyni zamanda Qarabağ ermənilərinə çağırışı oldu. Onlara dırnaqarası liderlərin arxasınca getməyib doğru yolun Azərbaycandan keçdiyi qeyd edildi. Görünür, bu açıqlama separatçılar arasında gərginliyə səbəb olub. Təbii ki, təxribatlar mümkün qədər artacaq. Burada təkcə separatçıların deyil, həm də Rusiya sülhməramlıların da əlinin olduğu istisna deyil. Vəziyyət Qərbdəki bəzi dairələri də narahat edir. Xüsusən də Fransada bu cür təxribatların artması ilə bağlı çağırışlar edilməkdədir. Hesab edirəm ki, İrəvan rəsmi Bakıyla münasibətlərin normallaşmasına diqqət yetirməli, əks təqdirdə baş verə biləcək istənilən təxribatı fiaskoya uğrayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.