7 sen 2023 11:36
İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş 3-cü dəfə araşdırılacaq.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Samir Zeynalov məlumat yayıb.
O bildirib ki, S.Zeynalovanın intihar etməsi ilə bağlı başlanmış cinayət işinin icraatına xitam verilməsi ilə bağlı Sabirabad Rayon Prokurorluğunun 2-ci qərarı da ləğv edilib.
Belə ki, ötən il Sabirabad Rayon Prokurorluğu cinayət işinin dayandırılması ilə bağlı qərarı ləğv edib və iş yenidən Sabirabad Rayon Prokurorluğuna qaytarılıb. Bu ilin 5 aprel tarixində Sabirabad Rayon Prokurorluğu Səmayə Zeynalovanın intihar etməsinin səbəbi kimi onun intihardan öncə "depressiya"da olması qənaətinə gəlib və bununla da cinayət işi üzrə icraata növbəti dəfə xitam verilib. Xitam qərarına baxan Sabirabad Rayon Məhkəməsi istintaqın qərarını bu dəfə qüvvədə saxlayıb.
Bundan sonra S.Zeynalovanın ailəsi rayon məhkəməsinin 17 avqust tarixli qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət verib. Apellyasiya instansiyası rayon məhkəməsinin qərarını ləğv edərək S.Zeynalovanın ölümü ilə bağlı işin yenidən araşdırılması ilə bağlı qərar verib.
Beləliklə, gənc qızın müəmmalı ölümü Sabirabad Rayon Prokurorluğunda 3-cü dəfə araşdırılacaq.
Qeyd edək ki, S.Zeynalovanın yaxınları işin artıq rayonda deyil, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən araşdırılmasını tələb edir. Ailəsi onun intihar etmədiyini bildirərək öldürüldüyünü iddia edir. Onlar bildiriblər ki, 20 yaşlı Səmayə normal əhval-ruhiyyədə olub, hadisədən bir neçə gün əvvəl övladının doğum gününü təmtəraqlı şəkildə qeyd edib. Həmçinin mərhumun ailəsi onun özünü asdığı bildirilən nar ağacının budağının həddindən artıq kövrək və elastik olmasını, 1 metr 72 sm boylu şəxsi saxlamaq gücündə olmadığını bildiriblər. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb. Onlar mərhumun qayınatası Əlişirin Zeynalovun Səmayənin ölümündə əsas iştirakçı olduğunu iddia ediblər.
Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu Cavad kəndində vəfat edib.