METBUAT.AZ

Ölkə

​44 Günlük Müharibə:

26 sen 2023 09:37

Rəngi bir ətri bir qanunu da bir

Nə ölən, nə də ki, itəndi torpaq!

Bitən sümbülüylə ruzi verəndir,

Şəhid məzarıyla Vətəndi torpaq!

Anım Günü – bu, tariximizə çevrilən qəhrəmanları ehtiramla andığımız və onların əziz tutduğu dəyərlərə sadiqliyimizi təzələdiyimiz bir gündür.

Bu gün biz təkcə qəhrəman əsgərlərimizin şücaəti ilə deyil, həm də tariximizin salnaməsinə həkk olunmuş sarsılmaz qəhrəmanlığa ehtiram bəsləyirik.

44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun tariximizə bəxş etdiyi Qəhrəmanlıq Dastanıdır. Şəhidlərimizin canı, qazilərimizin qanı ilə yazılan bu “dastan” düşmənin 30 il ərzində yaydığı “məğlubedilməz ordu” mifini 44 günə darmadağın etdi.

Ancaq bu gün xatırladığımız qəhrəmanlıq dastanı döyüş meydanlarından kənara çıxır. Otuz ilə yaxın torpaqlarımızın işğalına tab gətirənlərin hekayələrində əks-səda verir. Haqsızlıq yükünü çiyinlərində daşıyan köçkünlərin səsində səslənir. Bu, haqq-ədalət uğrunda mübarizə ilə rənglənmiş dünyada böyümüş gənclərimizin qəlbində əks-səda doğurur.

Qəhrəmanlıq təkcə silahların toqquşması deyil, həm də ürəkdə gedən döyüşlərdir. Söhbət haqqın tərəfdarı olmaq, başqalarının əzablarına şərik çıxmaq və daha parlaq gələcəyə doğru çalışmaqdan, gələcək nəsillər üçün daha yaxşı bir Vətən düzətməkdən gedir. Söhbət vətənpərvərlikdən, öz keçmişinə, adət-ənənələrinə sahib çıxmaqdan gedir. Məhz dövlətin gənclər siyasəti, analarımızın, ailəmizin, müəllimlərimizin illər ərzində bizə verdiyi tərbiyə, vətənpərvərlik ruhu əzəli torpaqlarımızı, yaşadığımız faciələri unutmağa qoymadı.

Ömründə Şuşanı, Qarabağı görməyən gənclər silaha, vətənpərvərlik ruhuna sarılıb irəli getdilər. Düşməni qorxuya salan amillərdən də biri məhz bu idi. Onlar düşünürdülər ki, Azərbaycan gənci artıq Qarabağı unudub, mübarizə əzmi qırılıb. Lakin dövlətmizin apardığı siyasət, vətənpərvər xalqımızın yetişdirdiyi övladlar bunun əksini öz əməlləri ilə göstərdilər. Bu gün müharibə bitib, Azərbaycan Müzəffər Ali Baş Komandanın dərin zəkası və liderliyi ilə öz suverenliyinə və ərazi bütövlüyünə qovuşub. Separatçılığa son qoyulub. Lakin Vətənpərvər Azərbaycan gənci bilməlidir ki, biz bundan sonra da Vətənimizə, onun bizə bəxş etdiyi sərvətlərə, milli-mənəvi dəyərlərə sahib çıxmağa, onun azadlığı və ərazi bütövlüyü uğrunda canından keçənləri xatırlamağa borcluyuq və bunu layiqincə bacardığımızı düşünürəm.

Gəlin biz gənclər olaraq bundan sonra da, onların nümunəsindən təsirlənək, ölkəmizə söz hüdudlarını aşan, əməllərimizdə ifadə tapan hərarətli sevgini alovlandıraq. Şəhid olan qəhrəmanlarımızı yad etdikcə, onların fədakarlığı bizi ədalət və azadlıq məşəlini irəli aparmağa həvəsləndirsin. Qoy onların xatirəsi bizə həmişə bələdçilik etsin, qəhrəmanlıqları bizləri həmişəkindən daha güclü şəkildə Vətənimizi sevməyə ruhlandırsın. Qoy əsgərlərimizin qəhrəmanlığı, Ali Baş komandanın səriştəsi və xalqımızın birliyi tarixin salnaməsində ümid çırağı kimi əbədi parlasın.

Allah şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyir, bizə əmanət qoyduqları bu Vətənə gözümüz kimi baxacağımıza and içirik!

Şahin Rəhmanlı,

“İRƏLİ” İctimai Birliyinin sədri


metbuat.az.