14 sen 2023 14:31
Sumqayıt şəhərində məşq zamanı 7 yaşlı uşağın ölümündə təqsirləndirilən idmançı Mehman Xəlilovun məhkəməsində şok faktlar üzə çıxıb.
Metbuat.az "News24.az"a istinadən bildirir ki, sonuncu məhkəmə prosesində məlum olub ki, 7 yaşlı uşağın anası Aynurə Məlikova ilə Mehman Xəlilov bir müddət sevgili olub. Hadisədən 3 ay əvvəl onların mübahisəsi yaranıb və ayrılıblar. A. Məlikova iddia edib ki, M . Xəlilov ondan qisas almaq məqsədi ilə 7 yaşlı uşağa xəsarətlər yetirib.
M. Xəlilov isə məhkəmədə iddianı təkzib edib. O bildirib ki, 7 yaşlı uşağa xəsarət yetirmək fikri olmayıb:
"Mən uşağı öldürmək və ya ona xəsarət yetirmək istəsəydim niyə bunları kamera qarşısında edirdim? Mən uşaqdan niyə qisas alım? Mənim uşağa xəsarət yetirmək fikrim olmayıb".
Qeyd edək ki, ittihama görə, aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.