15 sen 2023 17:06
Avropa İttifaqı (Aİ) Azərbaycanda ən çox etibar edilən beynəlxalq qurumdur.
Metbuat.az xəbər verir ki, bu 2023-cü ildə Azərbaycanda həyata keçirilən illik rəy sorğusunun nəticələrinə əsasən bəlli olub.
"EU NEIGHBOURS EAST" tərəfindən həyata keçirilən sorğuya əsasən, Azərbaycan vətəndaşlarının əksəriyyəti (61%) Avropa İttifaqı (Aİ) haqqında müsbət fikirdədir. Bu, rəy sorğularının ilk dəfə keçirilməyə başladığı 2016-cı ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Həmin il rəyi soruşulanların cəmi 27%-i Aİ haqqında müsbət fikirdə idi. 2022-ci ildə isə bu göstərici 48% olub.
Sorğuların ilk dəfə həyata keçirilməyə başladığı 2016-cı il ildə qeydə alınan 71% ilə müqayisədə bu il 80% azərbaycanlı (indiyə qədər qeydə alınmış ən yüksək göstərici) ölkəsinin Aİ ilə yaxşı əlaqələrə malik olduğunu düşünür.
Sorğu göstərir ki, Aİ Azərbaycanda ən çox etibar edilən beynəlxalq qurumdur.
2023-cü ildə 40% respondent Aİ-nin maliyyə dəstəyi haqqında məlumatlı olduğunu bildirib, bu rəqəm ötən il 30% olub. Respondentlərin ən çox istinad etdiyi Aİ təşəbbüsləri və proqramları arasında Gənc Avropa səfirləri (29%) və Erasmus+ proqramı (25%) olub.
Sorğuda iştirak edənlərin yarıdan bir qədər çoxu (52%) Aİ-nin Azərbaycanda məşğulluğun dəstəklənməsində daha çox rol oynamasını, 46%-i təhsil sahəsinə, 45%-i isə səhiyyə sektoruna diqqətin artırılmasını istəyir.
Rəyi soruşulan hər iki respondentdən biri Avropa İttifaqının nə olduğunu çox yaxşı və ya kifayət qədər yaxşı bildiyini, 61%-i isə Aİ-nin Azərbaycanda Nümayəndəliyinin olduğunu bildirib.
Ən son sorğu 2023-cü ilin fevral ayında bütöv ölkə ərazisində 1 000 nəfərdən ibarət nümunə respondent arasında üz-üzə müsahibələr vasitəsilə həyata keçirilib. Bu rəy sorğuları 2016-cı ildən etibarən hər il Azərbaycanda və digər beş Şərq Qonşuluğu regionu ölkələrində “EU NEIGHBOURS EAST” proqramı tərəfindən aparılır.