23 sen 2023 11:55
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə yaxın günlərdə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Azərbaycana səfər edəcək. Hazırda Ermənistanda səfərdə olan T. Klaarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.
Xüsusi nümayəndənin Bakıya hansı səbəblə gəldiyi barədə suala cavab verən siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a bildirdi ki, antiterror tədbirlərindən sonra regionda nüfuzunu yüksəldən Azərbaycanın yeni geosiyasi reallıqlarını öyrənmək Aİ üçün maraqlıdır.
“Toivo Klaarın Ceyhun Bayramovla planlaşdırılan görüşü zamanı yaranan yeni geosiyasi reallıqlarla bağlı məsələlər kifayət qədər konkret formada həmsöhbətin diqqətinə çatdırılmalıdır. Hazırkı geosiyasi reallıqların müəllifinin rəsmi Bakı olduğu Avropa İttifaqına izah olunmalıdır. Son zamanlar Avropa İttifaqı Azərbaycanın maraqlarını nəzərə almağa, hesablaşmağa başlayıb. Hesab edirəm ki, Azərbaycan XİN rəhbəri həmsöhbətinin diqqətinə sülh perspektivi ilə bağlı yaranan imkanlar da diqqətə çatdıracaq. , Avropa İttifaqı ilə rəsmi Bakı arasında elə dialoq mühiti qurulmalıdır ki, onlar ölkəmizin sülh perspektivi ilə bağlı mövqeyini dəstəkləyərək töhfə verməyə çalışsınlar”.
Hazırda Avropa İttifaqının bu məsələdə lazımı səriştəni ortaya qoymadığını ifadə edən ekspert düşünür ki, əks halda Ermənistana təzyiq göstərilməli idi.
“Ermənistana təzyiq göstərilməməsi İrəvanın sülh müqaviləsindən yayınması və ya bu yolda ləngiməsinə səbəb olur. Tez-tez regiona səfər edən Toivo Klaarın əsas məqsədi, yaranan bu yeni reallıqları öyrənməkdir”.
AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Elnur Kəlbizadə mövzunu davam etdirərək dedi ki, Azərbaycan Respublikası Cənubi Qafqazın artıq tamamilə əsas güc mərkəzi olmaqla və Cənubi Qafqazda gedən geosiyasi proseslərə yön verən dövlət olmaqla təkcə Avropa İttifaqı üçün deyil, dünyada özünün geostrateji maraqları uğrunda mübarizə aparan bütün güc mərkəzləri üçün ciddi əhəmiyyət kəsb edir.
Ekspert Metbuat.az-a açıqlamasında vurğuladı ki, bütün tərəflər başa düşürlər ki, Azərbaycanın yanında razılığı olmadan Cənubi Qafqazda söz sahibinə çevrilmək, qalıcı mövqeyə sahib olmaq çox çətindir:
“Cənubi Qafqazın digər iki ölkəsindən fərqli olaraq Azərbaycan uzun illər ərzində Avropa İttifaqı ilə münasibətlərdə atdığı addımlarda kifayət qədər yol tutmuşdur. Bu yol Azərbaycanın müstəqil tərəfdaş olaraq Avropa İttifaqı və onun üzvü olan müxtəlif ölkələrlə özünün əməkdaşlığını inkişaf etdirməsi xətti olmuşdur. Zaman-zaman Avropa İttifaqının müxtəlif qurumları tərəfindən müxtəlif dövlətlərin siyasi məqsədlərinə uyğun olaraq Azərbaycana qarşı qərəzli addımların atılmasına baxmayaraq, ölkəmiz hər zaman özünü etibarlı tərəfdaş kimi göstərmişdir. Sonuncu Rusiya-Ukrayna müharibəsi Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyətini bir daha üzə çıxarmışdır. Gürcüstandan fərqli olaraq, Azərbaycan heç bir zaman Avropa İttifaq üzvü olmaqla bağlı hər hansı bir iddia, açıq fikirlər irəli sürməmişdir. Azərbaycan Avropa ittifaqıyla həm bu prosesdə geosiyasi reallıqlarını, həm Avropa İttifaqının özünün genişlənmə perspektivlərini, istəklərini, ittifaq daxilində mövcud olan fikir ayrılıqlarını, həm də ən başlıcası- Azərbaycan özünün milli maraqlarını nəzərə almışdır. Bu gün Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində çox əhəmiyyətli yerə və rola malik olan ölkələrdən biridir. Eyni zamanda bir çox digər sahələrdə də Avropa İttifaqı və onun üzvü olan ayrı-ayrı ölkələrdə Azərbaycan fəal şəkildə əməkdaşlıq edir. Hər zaman olduğu kimi, yenə də Azərbaycan birmənalı şəkildə heç bir geosiyasi gücün təsiri altında olan, forpostuna çevrilmiş bir dövlət kimi görünmür”.
Elnur Kəlbizadə bildirdi ki, bütün geosiyasi güclər, böyük dövlətlər maraqları uğrunda mübarizə apardıqları kimi, Azərbaycanın da öz maraqları var. Müsahibimiz onu da qeyd etdi ki, Azərbaycan, milli maraqlarına uyğun olan, mövqeyinə zidd olmayan bütün tərəflərlə konstruktiv əməkdaşlığa və bu əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Gülbəniz Hüseynli / Metbuat.az