4 sen 2023 15:04
Bu həftə Avropa kuboklarının (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) qrup mərhələlərinin bütün iştirakçıları müəyyənləşib.
Bu üç yarışın hər birində 32 komanda olmaqla ümumilikdə 96 komanda yarışacaq. Həmin komandalar arasında Avroliqada oynayacaq Azərbaycanın "Qarabağ" klubu da var. Ağdam təmsilçisi ardıcıl 10-cu dəfədir qrup mərhələsinə qatılır. Onlar 2014/15-ci il mövsümündən başlayaraq qrupda yarışır.
Metbuat.az "haqqın.az"a istinadən xəbər verir ki, "Qarabağ"dan başqa Avropada qrup mərhələsində daimi oynayan yalnız 15 komanda var. Bunlar "Real" (Madrid), "Bavariya", "Barselona", "Mançester Siti", "Atletiko" (Madrid), "Sevilya", PSJ, "Borussiya" (Dortmund), "Portu", "Roma", "Napoli", "Benfika", "Şaxtyor", "Olimpiakos" və "Seltik"dir.
Göründüyü kimi, "Qarabağ" Avropanın böyük komandaları ilə bir sıradadır. Bir önəmli fakta da diqqət yetirək.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Avropada heç bir klubun qazanmadığı uğura nail olub. "Qarabağ" təsnifat mərhələsindən başlayaraq dalbadal 10 ildir Avropada qrupa yüksələn yeganə klubdur. Yəni "köhnə qitə"də ikinci belə komanda yoxdur.
Qeyd etmək yerinə düşər ki, "Real, "Bavariya", "Barselona" və PSJ son 10 ildə qrup mərhələsində həmişə birbaşa oynamaq hüququ əldə edib. Bu isə onların təmsilçisi olduğu ölkələrin UEFA-dakı yüksək reytinqi ilə bağlıdır. Bunun sayəsində həmin klublar təsnifat mərhələsindən azad olublar. Yalnız "Mançester Siti" və "Borussiya" 2014/15 mövsümündən başlayaraq bir dəfə, "Sevilya", "Roma" və "Napoli" isə 2 dəfə təsnifat mərhələsində iştirak edib.
Adları çəkilən 15 komandadan təkcə "Olimpiakos" cə "Seltik" "Qarabağ"ın uğuruna yaxın olublar. Onlar 10 mövsümdən 8-də avrokuboka təsnifat mərhələsindən başlayıblar və qrupa düşməyə nail olublar. Yalnız 2 dəfə Yunanıstan və Şotlandiya təmsilçisi ölkələrinin yüksək futbol reytinqinə görə qrupa birbaşa vəsiqə qazanıblar.
"Qarabağ" isə bir dəfə də olsun təsnifat mərhələsindən azad olmayıb. Buna Azərbaycanın UEFA reytinqindəki mövqeyi mane olur (hazırda 29-cu yer). Son 10 ildə "Qarabağ" 5 dəfə yarışa 2-ci, 5 dəfə isə 1-ci təsnifat mərhələsindən başlayıb. Bu isə o deməkdir ki, Ağdam komandası qrupa düşmək üçün ya 6, ya da 8 matç keçirməli olub.
2017/18 mövsümündə isə "Qarabağ" mübarizəyə başladığı yarışda - Çempionlar Liqasında bütün rəqibləri keçərək qrupda oynamaq hüququ qazanıb. 2021/22 mövsündə isə Qurban Qurbanovun futbolçuları Konfrans Liqasında da bütün mərhələləri adlayaraq qrupa vəsiqəni təmin edib.
Digər mövsümlərdə isə "Qarabağ" Çempionlar Liqasına təsnifat mərhələsindən başlayıb, sonra Avropa Liqasının qrupuna düşüb.
Superklublar "Qarabağ"ın nailiyyətini təkrarlaya bilməyəcək. Çünki aparıcı Avropa ölkərinin klubları mübarizəyə Çempionlar Liqasının birbaşa qrupundan başlayır. Azərbaycan təmsilçisinin rekordunu yalnız "Seltik" və "Olimpiakos" kimi ortasəviyyəli ölkələrin komandaları qıra bilərlər.
O ki qaldı avropakubokların qrupunda ən uzunmüddətli çıxışa, burada rekordçu "Real" və "Barselona"dır. 1997/98 mövsümündən başlayaraq Madrid və Münhen təmsilçiləri daim qrupda oynayırlar. "Portu" 2003/04, "Barselona", "Benfika" və "Şaxtyor" isə 2004/05 mövsümündən Avropa kuboklarında qrupların daimi iştirakçılarıdır.