27 sen 2023 09:02
Azərbaycan Qarabağda separatçılığın kökünü kəsmək üçün beynəxalq hüquqla tanınmış ərazilərində lokal antiterror tədbirləri gerçəkləşdirdi. Bir neçə gündür ki, Ermənistan ordusunun Xankəndi və ətrafındakı tör-töküntülər, yaraqlı separatçılar tərksilah edilir, silahları təhvil alınır, ölkəmizdən çıxarılır.
Qarabağda separatizmin kökü tam kəsməyə hədəflənmiş addımları yüksək qiymətləndirən millət vəkili Azər Badamov Metbuat.az-a bildirdi ki, 19-20 sentyabr tarixində lokal xarakterli antiteror tədbirləri həyata keçirməklə Qarabağdakı erməni separatizminin yuvasını dağıtmış olduq.
Bu prosesin bir müddət davam edəcəyini vurğulayan millət vəkili qeyd etdi ki, müəyyən mərhələdən sonra Xankəndində Azərbaycan bayrağı dalğalandırılacaq.
“Növbəti mərhələdə Xankəndində dövlət orqanlarımız təsis ediləcək. Bildiyiniz kimi, separatçıların əllərində olan silahların yığışdırılması prosesi başa çatandan sonra da müəyyən cinayətkar qrupların və ya şəxslərdə gizlin şəkildə atıcı silahların qalması mümkündür. Ola bilsin ki, həmin cinayətkarlar təxribatlara əl atsın. Dövlət orqanlarımız bu ərazilərdə bir müddət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkdir. Hər hansı bir təhlükə his olunan kimi gərginlik yaradanlar zərəsizləşdirilərək cinayət məsuliyyətinə cəlb olunacaqdır. Heç bir təxribat bizim mübariz ruhumuza təsir göstərə bilməz”,- deyə A.Badamov qeyd edib.
Gülbəniz Hüseynli / Metbuat.az