METBUAT.AZ

Ölkə

Azərbaycan Prezidentinə ilk “Asan İmza”nın təqdim edilməsindən

25 sen 2023 13:40

Bu gün 3 saylı Bakı “ASAN xidmət” mərkəzində cənab Prezident İlham Əliyevə ilk “Asan İmza” sertifikatının təqdim edilməsindən 10 il ötür.

Metbuat.az xəbər verir ki, bugünkü gün “Asan İmza” – gücləndirilmiş mobil elektron imza Azərbaycanın rəqəmsallaşmasının inkişafında, elektron xidmətlərin, müxtəlif rəqəmsal tranzaksiyaların geniş şəkildə həyata keçirilməsində və məlumatların təhlükəsizliyinin təmin edilməsində açar rol oynayır. “Asan İmza” xidmətinin milli operatoru “B.EST Solutions Azerbaijan” şirkəti tərəfindən işlənib hazırlanan və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan bu texnologiya ilk dəfə olaraq sahibkarlıq subyektləri üçün elektron vergi bəyannaməsinin təqdim edilməsinin asanlaşdırılması üçün Dövlət Vergi Xidmətinin elektron xidmətlərinə inteqrasiya edilib.

Bu günə kimi “Asan İmza” mobil elektron imza həm dövlət, həm də özəl sektorda 2000-dən çox elektron xidmətdə istifadə olunur. Belə xidmətlərə ən çox müraciət edilən elektron vergi xidmətləri, gömrük prosedurları, gömrük xidmətində malların bəyan edilməsi, maliyyə əməliyyatları, əmək müqavilələrinin qeydiyyatı, ərizələrin verilməsində istifadə olunur. güzəştli mənzillərin alınması, ipoteka kreditləşməsi, distant bank hesabının açılması, tenderlərdə iştirak üçün onlayn zəmanətin alınması, internet və mobil bankçılıq, abituriyentlərin elektron qeydiyyatı, elektron məhkəmə portalında şəxsi kabinetlərin idarə edilməsi, cərimələr barədə məlumatların əldə edilməsi, sosial sığorta və bir çox digər xidmətləri misal göstərmək olar. "Asan İmza" mobil identiteti onlayn prosesləri təkmilləşdirərək onları daha rahat, sürətli və ən əsası təhlükəsiz edib.

Tranzaksiyaların sayı və müxtəlif xidmətlərdə “Asan İmza”dan istifadə ilbəil artır və artıq 300 milyonu keçib. Bu günə kimi 3 milyondan çox “Asan İmza” sertifikatı təqdim edilib ki, bu da istifadəçinin innovativ həllə inamının bariz nümunəsidir.

“Asan İmza” mobil identiteti həm dövlət qurumlarının, həm də banklar da daxil olmaqla özəl şirkətlərin daxili rəqəmsal proseslərinə inteqrasiya olunur ki, bu da müxtəlif təşkilatlar arasında təhlükəsiz və hüquqi cəhətdən sübuta yetirilən məlumat mübadiləsinin və qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə öz töhfəsini verir, həmçinin Azərbaycan müəssisələrinin rəqəmsal transformasiyasında mühüm rol oynayır.

“Asan İmza” texnologiyasında aparıcı prioritetlər Azərbaycan Respublikası vətəndaşlarının fərdi məlumatlarının qorunması və rəqəmsal texnologiyalar sahəsində milli təhlükəsizlikdir. Yeni kibertəhlükələri nəzərə almaq üçün kriptoqrafik alqoritmlər daim təkmilləşdirilir. Müasir biometrik həllər üzləri uğurla tanıyır, lakin canlı insanla statik foto və ya video arasındakı fərqi müəyyən etmək yüksək texnologiyalı və bahalı həll tələb edən mürəkkəb işdir. Hər bir innovativ xidməti təqdim etməzdən əvvəl “Asan İmza” infrastrukturunun kritikliyi nəzərə alınır və istənilən həllin beynəlxalq standartlara və milli qanunvericiliyə uyğunluğu, eləcə də bu həllin qeyd olunan sahədə mümkün kiberhücumlara qarşı müqaviməti hərtərəfli təhlil edilir. Həmçinin, “Asan İmza”da yeni kriptoqrafik həllərin, o cümlədən kvant-əsaslı alqoritmlərin tətbiqi üzrə tədqiqat və təcrübə aparılır.

Qeyd etmək lazımdır ki, “Asan İmza” mobil elektron imza “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 9 mart 2004-cü il tarixli Qanunu və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlərlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarının tələblərinə ciddi şəkildə cavab verir və qanunvericiliyə əsasən əl imzasına bərabər tutulur, həmçinin istifadəçilərin identifikasiyası, təhlükəsizliyi, qlobal kriptoqrafiya standartlarına uyğunluq üçün bütün prosedurlara həm istifadəçilərin, həm də xidmət təminatçılarının maraqlarını təmin etmək məqsədilə ciddi şəkildə riayət edilir. “Asan İmza”nın təqdim edilməsi şəxsiyyəti təsdiq edən istənilən sənədin verilməsi kimi diqqətlə tənzimlənir.

Mobil elektron imza NIST (Milli Standartlar və Texnologiya İnstitutu, ABŞ) kimi aparıcı qlobal qurumlar tərəfindən tanınmış və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən görkəmli innovativ nümunə kimi təqdim olunmuşdur. “Asan İmza” infrastrukturu - PKI (Açıq Açar İnfrastrukturu), RSA (Açıq Açar Kriptoqrafik Alqoritmi), Elliptik Kriptoqrafiya və güvənli SİM Kartlar kimi yüksək keyfiyyətli aparat, proqram təminatı və standartlara əsaslanmış, 25 ildən çox müddətdə dünya üzrə minlərlə qurğularda diqqətlə öyrənilmiş və sınaqdan keçirilmişdir.

Yubiley ili çərçivəsində Azərbaycanın rəqəmsal ictimaiyyətini sənaye innovasiyaları və yeni beynəlxalq təhlükəsizlik standartları ilə tanış etmək üçün geniş spektrli milli və beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlər rəqəmsal innovasiyalar üzrə qabaqcıl qlobal praktika və təcrübələrin mübadiləsini asanlaşdıracaq, gələcəkdə rəqəmsal texnologiyaların inkişafı üçün yeni perspektivlər açaraq elektron imza, kibertəhlükəsizlik sahəsində dialoq və əməkdaşlıq üçün forumu təmin edəcəkdir.

Qeyd etmək lazımdır ki, cari il ərzində mobil elektron imzadan istifadənin sadələşdirilməsi və təkmilləşdirilməsinə yönəlmiş bir sıra innovativ xidmətlər təqdim ediləcəkdir. Hazırda texnologiyanın milli qanunvericiliyə uyğunluğu və yeni rəqəmsal həllərin lisenziyalaşdırılması prosesinin təhlili aparılır. Bu yeniliklər beynəlxalq standartlara uyğun olaraq xidmətin funksional imkanlarının genişləndirilməsinə və rahatlığının yüksəldilməsinə yönəlmişdir. “Asan İmza” xidmətinin əsas məqsədi istifadəçiləri təkcə onlayn xidmətlər üçün qabaqcıl alətlərlə təmin etmək deyil, həm də rəqəmsal tranzaksiyaların və vətəndaşların şəxsi maliyyələrinin etibarlı mühafizəsi, eləcə də artan kiberhücumlardan qorunmasıdır.


metbuat.az.